close

Mərkəzi Bank “PashaPay”a elektron pul fəaliyyəti ilə məşğul olmaq lisenziyası verib

Azərbaycan Mərkəzi Bankı, RHMN/shutterstock

“PashaPay” haqqında nə bilirik?

Mərkəzi Bank “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “PashaPay”a verilən lisenziya müddətsizdir:

“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi isə davam edir”.

“PashaPay” MMC 2005-ci ildə Dövlət Vergi Xidmətindən qeydiyyatdan (VÖEN 1300615891) keçmiş kimi görünür. Yerli media yazır ki, şirkət əvvəlcə “Komtec Ltd” MMC adı ilə qeydiyyatdan keçib, daha sonra adı dəyişərək “Pashapay” MMC-yə çevrilib.

“Paşa Holdinq”in saytında yayımlanan məlumatda da bildirilir ki, “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (“PashaPay” və ya “PashaPay” MMC) 2022-ci il aprelin 29-da FinTex şirkəti kimi yaradılıb. Şirkətin Bakı və Moskvadakı ofislərində 440-dan çox əməkdaş çalışır.
Şirkət 2008-ci ildən əhalinin istifadəsinə verilmiş MilliÖN ödəmə sisteminin əsasında qurulub.

Hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-də olan şirkətin nizamnamə kapitalı 40 milyon 22 min manatdır. Şirkətin qanuni təmsilçisi olan Samir Sabir oğlu Məmmədov əvvəllər “Paşa Holdiq”ə məxsus “Kapital Bank”da Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Baş Direktoru olub.

Deputat, iqtisadçı Vüqar Bayramov bildirir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər.

Onun sözlərinə görə, indiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib:

Vüqar Bayramov
Mənbə: Meydan TV

“Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir”.

Deputat qeyd edir ki, tezliklə Azərbaycanda elektron pulların dövriyyəyə buraxılması mümkün ola bilər:

“Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu, banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışıdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər”.

Ana səhifəİqtisadiyyatMərkəzi Bank “PashaPay”a elektron pul fəaliyyəti ilə məşğul olmaq lisenziyası verib