close

Rejissor kino istehsalına vergi güzəştlərini “şou” adlandırdı

Foto: Meydan TV

“Azərbaycanda kino istehsalından heç bir gəlir əldə edilmir”

Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanılıb.

“Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən 3 illik vergidən azad olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyir ki, güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı, növbəti 3 ildə qüvvədə olacaq.

Vüqar Bayramov
Foto: Meydan TV

Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımından vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir”, – Vüqar Bayramov bildirib.

Deputat film sektorunda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsini məqsədəuyğun sayır:

“Xüsusən də kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək”.

Rejissor Elvin Adıgözəl Meydan TV-yə bildirib ki, Azərbaycanda kino istehsalından heç bir gəlir əldə edilmir.

Elvin Adıgözəl, Foto: Facebook

Onun sözlərinə görə, edilən güzəşt də kinematoqrafiyada dəyişiklik etməyəcək:

Bu, sadəcə, gülməlidir. Gəlir o vaxt olar ki, Azərbaycanda kinoteatrlar olsun. Gəlir əldə edə bilməyəndən sonra 75 faizdən azad olduq, ya olmadıq – bu, heç nəyi dəyişməyəcək. Bir ölkədə ki kinoteatrlar yoxdur, kinoya pul ayırma mexanizmi formalaşmayıb, kino qanunu yoxdursa, kinodan necə gəlir əldə etmək olar? Kino sənayesi olmayan yerdə kinodan gəlir əldə edilməyən yerdə, vergi güzəştinin olması, absurddur. Olmayan şeydən şou yaradırlar”, – rejissor deyib.

Ana səhifəMədəniyyətRejissor kino istehsalına vergi güzəştlərini “şou” adlandırdı