close

İlham Əliyev Muxtar Babayevə yeni vəzifə verdi

Muxtar Babayev. Foto: Azərtac

Nazir tədbirlərə hazırlıq işlərinə nəzarət edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin edib.

Prezident bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Muxtar Babayevə bu tədbirlərə hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilib.

“Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetləri arasında “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmək, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunmasıdır. Beləliklə, 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dövlətin bu istiqamətdəki siyasətinin göstəricisidir”, – İlham Əliyev bildirib.

Azərbaycan Şərqi Avropa dövlətlərinin dəstəyini qazandıqdan sonra gələn il keçiriləcək “COP29 iqlim dəyişikliyi sammiti”nə ev sahibliyi etməyə hazırlaşır.

Bu, çox böyük tədbirdir. Məsələn, BƏƏ-də keçirilən “COP28” sammitində 90 mindən çox nümayəndə iştirak edib.

Beynəlxalq təşkilatlar və Avropa Birliyi ölkələrindən bəziləri bu tədbirin neft-qaz ixrac edən, OPEC+ ölkəsi olan Azərbaycanda keçirilməsinə isti baxmır.

Həmçinin Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.

Ana səhifəXəbərlərİlham Əliyev Muxtar Babayevə yeni vəzifə verdi