close

Rejissor Oleq Sentsov yaralanıb

Foto: arxiv

Onun hərbçilərlə birgə xəstəxanada olduğu deyilir

Ukraynalı kinorejissor Oleq Sentsovun yaralandığı bildirilir.

O, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib və deyib ki, mərmi partlaması nəticəsində kontuziya alıb.

Rejissor hazırda digər yaralanan hərbçilərlə birlikdə xəstəxanada olduğunu bildirib.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan Oleq Sentsov könüllü müharibəyə gedib.

Kinorejissor 2014-cü ildə Krımın ilhaqına qarşı çıxdığı üçün həbs edilmişdi.

Rusiya məhkəməsi onu “terror aktları planlaşdırmaq” ittihamı ilə 20 il həbs cəzası kəsmişdi.

Sentsov ittiham edildiyi cinayətlərdə özünü təqsirli bilməmişdi.

Ona qarşı tətbiq edilmiş işgəncələr barədə bəyanət vermişdi. Həmçinin cinayət işini siyasi və uydurma adlandırmışdı.

Kinorejissoru bir sıra beynəlxalq insan hüquqları və kinematoqrafiya təşkilatları dəstəkləmişdilər.

O, 2019-cu il sentyabrın 7-də, həbsindən beş il sonra Avropa Kino Akademiyası, “Amnesty International”, Avropa Parlamenti, habelə Ken Louç, Pedro Almodovar və Aqneşka Holland kimi kino xadimlərinin köməkliyi ilə azadlığa buraxılıb.

Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Ana səhifəMədəniyyətRejissor Oleq Sentsov yaralanıb