close

Restoran sahibinin işçilərin şəxsi əşyalarını yoxlamasına etiraz edən aşpaz işdən çıxarılıb

Foto: Tural Fərzilinin şəxsi arxivindən

Tural Fərzili Əmək Müfəttişliyi Xidmətinə və məhkəməyə müraciət edəcəyini deyir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzili aşpaz işlədiyi restorandan işdən çıxarıldığını açıqlayıb.

O, Meydan TV-yə bildirib ki, “İstanbul CFC” restoranlar şəbəkəsinin Xudu Məmmədov 41 ünvanında (Həzi Aslanov metrostansiyası yaxınlığında) yerləşən filialında aşpaz işləyir.

Dediyinə görə, mayın 26-da restoran işçilərinin geyimdəyişmə otaqlarındakı şəxsi əşyalarını qoyduqları dolabları onlara xəbərdarlıq edilmədən sındırılaraq içərisinə baxış keçirilib.

“Bir neçə gündür ki, işçilər bundan narazı idilər, ona görə də bu gün (mayın 28-də) rəhbərlik iclas keçirərək açıqlama vermək qərarına gəldi. Hamımızı toplayıb, bir yığın nağıl danışdılar. Məsələnin, əslində, “İstanbul CFC” restoranlar şəbəkəsinin başqa filialında işçilərin oğurluq etməsi ilə bağlı olduğunu dedilər. Mən isə dözməyib, restoranın aid olduğu şirkətin rəhbəri Xəqani İbrahimovdan danışmaq üçün icazə istədim. O isə icazə vermədi. Ardınca isə özümü toparlayıb, Xəqani İbrahimovun sözünü kəsdim və işçilərə qarşı edilən tərbiyəsizliyə öz etirazımı bildirdim”.

Tural Fərzili deyir ki, etiraz etdiyi üçün rəhbərlik onu iclas otağından uzaqlaşdırıb.

Daha sonra təkrar onunla söhbət edərkən zərərçəkən restoran rəhbərinə icazəsiz onlara aid dolabların sındırılaraq yoxlanılmasına etirazını bildirib.

Nəticədə Xəqani İbrahimov onu işdən çıxardığını deyib:

O, bundan sonra hamının dolabını yoxlayacağını dedi. Əlavə etdi ki, buna görə heç kimdən icazə alınmayacaq. Dedi ki, sizi işə mən götürmüşəm, mən belə işləyirəm, sənin də işinə xitam verirəm. Mənim iradəmdən kənar 15 gün işləməyimə möhlət qoyublar. Yerimə yeni işçi təyin olunandan sonra işdən çıxaracaqlar”.

Mən bununla razı deyiləm, işdən çıxmaq fikrim də yoxdur. Məni işdən çıxarmağa cəhd etsələr, Dövlət Əmək Müfəttişliyi Xidmətinə və məhkəməyə müraciət edəcəyəm”, – şikayətçi bildirib.

“İstanbul CFC” restoranlar şəbəkəsinin “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən filialından məsələyə münasibət bildirilməyib.

Ana səhifəSosialRestoran sahibinin işçilərin şəxsi əşyalarını yoxlamasına etiraz edən aşpaz işdən çıxarılıb