close

Avropa İttifaqı Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb

Avropa İttifaqı, Foto: Alexandros Michailidis/shutterstock

Çağırışda Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamından danışılıb

Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə çağırıb.

Bu barədə qurumun yaydığı məlumatda həmçinin Azərbaycan hökuməti məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırılıb.

“Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb. Keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib”, – Avropa İttifaqının yaydığı məlumatda qeyd edilir.

Aİ qeyd edir ki, son aylar Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə “AbzasMedia”, “Toplum TV”, “Kanal 11” və “Kanal 13” kimi müstəqil mediaların əməkdaşları, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb.

“Onların bir çoxunun həbs müddəti dəfələrlə uzadılıb. Bizi xüsusilə Qubad İbadoğlu və Ələsgər Məmmədlinin sağlamlıq vəziyyəti narahat edir. Biz Azərbaycan hakimiyyətini bir daha çağırırıq ki, cənab İbadoğlunun təcili ehtiyacı olan tibbi müalicəni alması üçün onun səyahət qadağasını ləğv etsin”.

Açıqlamada Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfrans yada salınır. Bildirilir ki, belə tədbirləin mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır:

“COP29” Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır. Bu, həm də 2021-ci ilin dekabrında Şərq Tərəfdaşlığı Sammiti Bəyannaməsində təkrarlandığı kimi, Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü kimi öhdəliklərinə uyğundur.

Avropa İttifaqı Azərbaycanda bütün insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığımızın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir”.

Mayın 25-də Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam ümumilikdə 154 nəfərə şamil edilib.

Sənədə əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Siyahıda bir nəfər belə siyasi məhbusun adı olmayıb.

Ana səhifəSiyasətAvropa İttifaqı Azərbaycanı siyasi məhbusları azad etməyə çağırıb