close

Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı planlaşdırır

Azərbaycan, idxal-ixrac. Foto: Lightboxx/shutterstock

İqtisadçı: “Hökumət ilk növbədə ixrac coğrafiyamızın şaxələndirilməsi ilə bağlı addımlar atmalıdır”

Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı və gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirilməsini planlaşdırır.

Bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov yerli mediaya danışıb.

R.Davıdov əlavə edib ki, Rusiya ticarət sənayesi artıq Şərq və Cənub ölkələri ilə əlaqələrə yönləndirilib:

““Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsini 35 faiz artırmaq mümkün olub. Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” ilə yanaşı, İran, Suriya, Türkiyə və Çinlə də nəqliyyat marşrutları inkişaf etdiriləcək”.

R.Davıdovun fikrincə, ölkələr arasında yüklərin sadələşdirilmiş daşınması layihəsi inzibati aparatın yükünü azaldacaq və daşıma prosesinin özünü asanlaşdıracaq:

“Bundan başqa, Rusiya Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirir. Onların praktiki təsirinin artmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir”.

İqtisadçı Fərid Mehralızadə Meydan TV-yə bildirib ki, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə güzəştli şərtlərlə ticarət həyata keçirə bilməsi mümkündür:

“Çünki uzun illərdir bununla bağlı saziş var. Digər tərəfdən, Rusiyanın ən çox idxal həyata keçirdiyi ölkənin Azərbaycan olduğunu nəzərə almalıyıq. Azərbaycan ən çox malı Rusiyadan alır, qeyri-neft ixracında da birinci şimal ölkəsidir, ümumi ixracda ilk yerlərdə olmasa da. Bu baxımdan Rusiyayla ticarətdə gömrük tarifinin aşağı olmasının Azərbaycana iqtisadi faydaları var. Xüsusilə Rusiya bazarlarında daha rəqabət qabiliyyətli ola bilərik”.

Fərid Mehralızadənin şəxsi arxivindən

Ancaq iqtisadçı təəssüflənir ki, bir çox kənd təsərrüfatı məhsullarının ixracında Rusiya hegemon yer tutur:

“Rəsmi məlumatlara əsasən, tərəvəz ixracımızın 95 faizi Rusiyanın payına düşüb. Bu, risk amilidir. Çünki gələcəkdə siyasi səbəblərdən ölkələr arasında münasibətlər pisləşsə, yaxud Rusiyada iqtisadi vəziyyət ağırlaşsa, problemlər yaranar. Ona görə də hökumət ilk növbədə ixrac coğrafiyamızın şaxələndirilməsi ilə bağlı addımlar atmalıdır. Əgər kənd təsərrüfatı məhsullarımızı Avropa ölkələrinə güzəştli şərtlərlə çıxara bilsək, bu, daha faydalı olar. Həm daha çox gəlir əldə edilər, həm də Rusiyadan asılılıq azalar”.

Ana səhifəİqtisadiyyatRusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” yaratmağı planlaşdırır