close

Toivo Klaar Əliyevlə Paşinyanın Brüssel görüşünün təxirə salındığını deyir

Brüssel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, Foto: Azərtac

Rauf Mirqədirov: “Görünür, Azərbaycan nədənsə narazıdır“

Oktyabrın sonunda Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında planlaşdırılan görüşün baş tutmayacağı bildirilir.

Oktyabrın 25-də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda keçirilən “Qeyri-müəyyənlik şəraitində irəliləyiş” konfransında bu barədə açıqlama verib.

“Bizim məqsədimiz Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. Əliyevin iştirak etmədiyi Qranada görüşünə əhəmiyyət verərək, indi Brüsseldə Paşinyan-Əliyev görüşünü təşkil etməyə çalışırıq”, – söyləyən Klaar əlavə edib ki, prosesin yavaş tempinə baxmayaraq, nəticədə sənədin imzalanacağına inanırlar.

Toivo Klaar. Foto: APA

Toivo Klaar Tehranda keçirilən “3+3” formatındakı görüşü müsbət qiymətləndirib və faydalı hesab edib:

“Bu, heç bir başqa formata zidd deyil. Hesab edirəm ki, qonşular arasında müzakirələr vacib və faydalıdır. Biz həmişə prinsipial olaraq əməkdaşlığın tərəfdarıyıq”.

Oktyabrın 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla bu ayın sonunda Brüsseldə görüşəcəyini demişdi.

Şarl Mişel hər iki ölkə başçısının Brüsseldə görüşə razılaşdığını vurğulamışdı.

“Mən Ermənistan və Azərbaycan liderlərini dəvət etdim və hər iki lider bu görüşdə iştirak edəcəklərini təsdiqlədilər”.

Oktyabrın 5-də Azərbaycan prezidenti Qranadada Avropa Siyasi Birliyinin sammitinə qatılmamışdı.

Sammitdə Nikol Paşinyan Aİ, Fransa və Almaniya nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti ilə birgə imzalanmaq üçün hazırlanan bəyanatı birtərəfli qaydada imzalayıb.

Siyasi şərhçi Rauf Mirqədirov Brüssel görüşünün baş tutmayacağından təəssüflənib. Bu barədə Meydan TV-yə danışan Rauf Mirqədirov güman edir ki, iki səbəb ola bilər, ya danışıqlarda bir sıra məqamlar rəsmi Bakını razı salmır, ya da Azərbaycan vaxtı uzatdığından görüş baş tutmayacaq:

“Görünür, Azərbaycan nədənsə narazıdır“.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

O, hazırda sülh sazişinin imzalanması üçün tarixi şəraitin yarandığını düşünür:

“Prinsip etibarilə Qarabağın statusu və gələcək taleyi ilə bağlı suallar olmadığından iki dövlət arasında sülh sazişinin bağlanması üçün tarixi şərait yaranıb. Bu tarixi şəraitdən istifadə etmək lazımdır. Bütün hallarda Azərbaycan cəmiyyəti hakimiyyətdən izahatlar tələb etməlidir“.

Son baş verən hadisələr…

Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.
Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.

Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.

Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.

Sentyabrın 28-də isə “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.

Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.

Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.

Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.
Yerevanda aksiyalar keçirən Qarabağın erməni sakinləri Azərbaycanın nəzarəti altında yaşamaq istəmədiklərini deyirlər.

Ana səhifəSiyasətToivo Klaar Əliyevlə Paşinyanın Brüssel görüşünün təxirə salındığını deyir