close

Rusiya MN: “Dağlıq Qarabağ”ın silahlı birləşmələri tərəfindən təhvil verilən silahların hesablanması davam edir

Foto: Azərbaycan MN

“…təxminən 58,5 milyon sursat təslim edildi”

Son 24 saatda Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının iki daimi və bir müvəqqəti müşahidə məntəqəsinin ləğv edildiyi bildirilir.

Bu barədə oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edir ki, “Dağlıq Qarabağ”ın silahlı birləşmələri tərəfindən təhvil verilən silahların hesablanması davam edir:

“Oktyabrın 6-na olan məlumata görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, bir PUA, 7 mindən çox atıcı silah və tank əleyhinə silah , təxminən 58,5 milyon sursat təslim edildi”.

Rusiya Müdafiə Nazirliyi. Foto: Ultraskrip/shutterstock

Oktyabrın 5-də Rusiya Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşən sülhməramlıların bir sıra rayonlarda məntəqələrini bağladığı haqda məlumat yaymışdı.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb. Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirdi.

Ana səhifəSiyasətRusiya MN: “Dağlıq Qarabağ”ın silahlı birləşmələri tərəfindən təhvil verilən silahların hesablanması davam edir