close

Bəxtiyar Hacıyev aclıq aksiyasına başladığını deyir

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

İctimai fəal məhkəməyə gələrkən xəsarət aldığını söyləyib

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin 4 gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir. Vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, Bəxtiyar Hacıyevin özü oktyabrın 6-da məhkəmədə bunu deyib.

Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması barədə qərardan verilmiş şikayətə baxılıb.

Məhkəmədə vəkil bildirib ki, qərar əsassız və qanunsuzdur. Vəkilin sözlərinə görə, 3 aylıq uzatma üçün Baş prokurorun verdiyi təqdimat təmin oluna bilməzdi. Çünki qanunvericiliyə görə, Bəxtiyar Hacıyev haqqında istintaq müddəti 13 aydan çox ola bilməzdi. Yalnız xüsusilə ağır cinayətlərin istintaqı bir ildən çox ola bilər. 3 aylıq müddət təmin olunanda, 13 aylıq müddət keçir və qanun pozulmuş olur.

Məhkəmədə Bəxtiyar Hacıyevin işi üzrə istintaqı aparan müstəntiq təqdimatı əsaslandırarkən deyib ki, onun həbsdə saxlanma müddətinin artırılmasına ehtiyac var. Çünki istintaq davam edir, hələ bir sıra zəruri istintaq hərəkətləri aparılmalıdır və s.

Bəxtiyar Hacıyev özü isə deyib ki, bugünkü məhkəmədə iştirak etmək istəmirdi, onu Kürdəxanıdakı  Bakı İstintaq Təcridxanasından zorla məhkəməyə gətiriblər. Nəticədə xəsarət alıb.

Deyilənlərə baxmayaraq, məhkəmə onun apelyasiya şikayətini təmin etməyib, Xətai Rayon Məhkəməsinin 3 aylıq uzatma qərarı qüvvədə saxlanılıb.

Məhkəmədən sonra vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, onun üzərində xəsarət izləri var:

“Çeçələ barmağında və qollarında qançırlar var. Bəxtiyarın sözlərinə görə, bu izlər onu zorla məhkəməyə gətirərkən əmələ gəlib…”.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.

İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Bəxtiyar Hacıyev özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu deyir.

Ana səhifəSiyasətBəxtiyar Hacıyev aclıq aksiyasına başladığını deyir