close

Rusiya Moskvaya hücuma görə Ukraynaya qarşı sərt cavab tədbirləri görəcəyini bildirir

Moskvaya PUA hücumu. Foto: Reuters

Moskva PUA-ların hücumunu “terror aktı” adlandırıb

İyulun 24-də iki pilotsuz uçan aparatın (PUA) Moskvada binalara, o cümlədən Müdafiə Nazirliyinin qərargahına yaxın binalara ziyan vurmasından sonra Rusiya Ukraynaya qarşı sərt cavab tədbirləri görəcəyindən danışıb.

Moskva bu hadisəni “terror aktı” adlandırıb.

Yüksək rütbəli Ukrayna rəsmisi isə bildirib ki, bu hücumda heç kim xəsarət almayıb. Pilotsuz təyyarə Rusiya hərbçilərinin “xüsusi hərbi əməliyyat” adlandırdığı brifinqlər keçirdiyi Moskva binasının yaxınlığında vurulub.

Hadisənin nəticələrini görən “Reuters” müxbirinin verdiyi məlumata görə, yaxınlıqdakı yollar müvəqqəti olaraq bağlanıb, Moskvanın başqa bir rayonunda ikinci pilotsuz təyyarənin vurduğu ofis binasının yuxarı iki mərtəbəsinin pəncərələri qırılıb.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, partlayıcı maddə daşımayan üçüncü “vertolyot tipli pilotsuz təyyarə” Moskva yaxınlığındakı bir qəsəbənin qəbiristanlığına düşüb. Nazirlik günahkarların tapılacağını və cəzalandırılacağını söyləyib.

Biz baş verənləri Ukraynanın hərbi və siyasi rəhbərliyinin növbəti dəfə terror üsullarından istifadə etməsi və dinc əhaliyə hədə-qorxu gəlməsi kimi qiymətləndiririk”, – XİN bildirib.

“Rusiya Federasiyası sərt cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, nazirlik əlavə edib.

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Hökuməti Rusiya daxilində və ya Rusiyanın nəzarətində olan ərazilərdəki hücumları nadir hallarda şərh edən Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Odessa üçün rus terrorçularından qisas alacağını vəd etmişdi.

İyulun 24-də səhər saatlarında iki pilotsuz uçuş aparatı (PUA) Moskvaya hücum edib, – mer Sergey Sobyanin bildirib.

“Bu gün səhər saat dörd radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatların zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, – o, “Telegram” hesabında yazıb.

Bundan sonra Rusiya Müdafiə Nazirliyi iki Ukrayna pilotsuz təyyarəsini ələ keçirdiyini iddia edib.

“İyulun 24-də səhər saatlarında Kiyev rejiminin iki pilotsuz uçuş aparatı ilə Moskva şəhərində obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Elektron müharibə vasitəsilə iki Ukrayna PUA-sı sıxışdırılıb və qəzaya uğrayıb”, – deyə hərbi idarənin açıqlamasında bildirilir. TASS-ın məlumatına görə, ilk pilotsuz təyyarənin qalıqları Komsomolski prospektindəki 17 nömrəli evin yaxınlığında tapılıb. Bu, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasından çox da uzaq deyil.

Ana səhifəDünyaRusiya Moskvaya hücuma görə Ukraynaya qarşı sərt cavab tədbirləri görəcəyini bildirir