close

Baş redaktor yayılan informasiyaya görə həbs edilib

Foto: Vüqar Məmmədovun şəxsi arxivindən

Keçmiş hərbçi də internet televiziyasındakı çıxışına görə cəzalandırılıb

“Hürriyyət” qəzetinin baş redaktoru və eyni adlı internet televiziyasının rəhbəri Vüqar Məmmədov həbs olunub. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, yaxud qarşısının alınmaması) maddəsilə 1 aylıq həbs qərarı verilib.

Onun rəhbərlik etdiyi media orqanında çıxış edərək, müəyyən fikirlər səsləndirən keçmiş hərbçi, polkovnik Elnur Məmmədov da onunla birlikdə eyni şəkildə cəzalandırılıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Vüqar Məmmədov iyulun 24-də Baş Prokurorluğa çağırılıb. O, “Hürriyyət TV”də Elnur Məmmədovun səsləndirdiyi fikirlərlə əlaqədar dindirilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində həm Vüqar Məmmədov, həm də Elnur Məmmədov haqqında sənədlər hazırlanıb. Ardınca axşam saatlarında onların hər ikisi Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hər birinə də 30 sutka inzibati həbs cəzası verilib.

Baş Prokurorluğun mətbuat xidməti də hər iki şəxsin həbsi barədə məlumatı təsdiqləyib.

Sosial şəbələlərdə, internet televiziyalarındakı çıxışlarında Müdafiə Nazirliyini tənqid edən ehtiyatda olan polkovnik Elnur Məmmədov bundan öncə də həbs olunmuşdu. O, 2022-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinmişdi. Həmin vaxt polkovnik Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılmışdı.

Elnur Məmmədov çıxışlarında Müdafiə Nazirliyi sistemində yeyintilər, qohumbazlıq və s. məsələlərdən bəhs edirdi. O, Müdafiə naziri Zakir Həsənovu da ittiham edirdi.

Müdafiə Nazirliyi isə onun iddialarını təkzib etmiş, bu barədə.rəsmi açıqlama yaymışdı:

“Hürriyyət”in rəhbəri Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bacısı oğludur.

Ana səhifəSiyasətBaş redaktor yayılan informasiyaya görə həbs edilib