close

Rusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb

Rusiya sülhməramlıları. Foto: Kosmogenez/shutterstock

Erməni silahlı birləşmələrinin 66,1 milyondan çox döyüş sursatını təhvil verdiyi deyilir

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının Əsgəranda daha bir müşahidə məntəqəsinin bağlandığı bildirilir.

Bu barədə oktyabrın 7-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik fəaliyyəti dayandırılan separatçı “Dağlıq Qarabağ” rejiminin silahlı birləşmələrinin 66,1 milyondan çox döyüş sursatını təhvil verdiyini qeyd edib:

110 çox səhra artilleriya silahı, MLRS və minaatan, 124 hava hücumundan müdafiə sistemi, o cümlədən 92 ədəd zirehli texnika və digər silahlar təhvil verilib”.

Qeyd olunur ki, silah, hərbi texnika və sursatların saxlandığı yerlərin mühafizəsini Rusiya-Azərbaycan birgə mühafizə postları təşkil edir.

Son 3 gündə Qarabağda Rusiya sülhməramlılarının 7 məntəqəsi bağlanıb.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu deyirdi və bu il sentyabrın 19-20-də bölgədə hərbi əməliyyat keçirdi.

Ana səhifəSiyasətRusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlanıb