close

Rəsmi: İlham Əliyev Şarl Mişelə Azərbaycanın 8 kəndinin işğaldan azad olunmasının vacibliyini bildirib

Şarl Mişel və İlham Əliyev, Foto: https://president.az/

Şarl Mişel Əliyevə Brüssel görüşü üçün zəng etdiyini deyib

Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.  “President.az”ın məlumatına görə, İlham Əliyev Qranadada Azərbaycanın iştirakı olmadan ölkənin adının dördtərəfli bəyanata daxil edilməsini düzgün yanaşma saymayıb:

“Prezident İlham Əliyev, həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Əliyev xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. Eyni zamanda, İlham Əliyev Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini deyib”.

“İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib. Bu baxımdan Azərbaycanın atdığı addımlar beynəlxalq hüquqa tam şəkildə uyğun olub. Əlavə edib ki, əksinə, bu məsələni başa düşməyən dövlətlərin özlərinin dünyanın müxtəlif bölgələrində həyata keçirdikləri siyasətlərinə görə beynəlxalq hüquqla ciddi problemləri var”,-deyə məlumatda vurğulanıb.

Məlumatda Əliyevin mərkəzi hökumət tərəfindən Qarabağdan olan erməni sakinlərə humanitar yardımların göstərildiyini və onların qeydiyyatı prosesinin başlandığı əks olunub:

“Azərbaycan Prezidenti bildirib ki, məhz qondarma rejim erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib”.

Bildirilir ki, telefon danışığı zamanı İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb. Həmçinin, İlham Əliyev Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib, bu xüsusda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin keçirildiyini deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” (twitter) səhifəsində İlham Əliyevlə telefon söhbətini təsdiqləyib və oktyabrın sonunda Brüsseldə görüşəcəklərini qeyd edib. Bildirib ki,
Brüssel görüşünə hazırlıq məqsədilə Prezident Əliyevə zəng edib:

“Əliyevlə söhbətdə ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmətin və sərhədlərin delimitasiyası üzrə irəliləyişin zəruriliyi təkrarlanıb və Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının uzunmüddətli perspektivdə də təmin edilməsinin vacibliyi vurğulanıb”.

Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirə qatılmayıb. Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ, Fransa və Almaniya nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti ilə birgə imzalanmaq üçün hazırlanan bəyanatı birtərəfli qaydada imzalayıb.

Bu bəyanatla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını vurğulayıb.

Ana səhifəSiyasətRəsmi: İlham Əliyev Şarl Mişelə Azərbaycanın 8 kəndinin işğaldan azad olunmasının vacibliyini bildirib