close

Rusiya XİN-dən Paşinyanın sözlərinə reaksiya: “Qərbin məsləhətlərinə əməl edir”

Rusiya Xarici İşlər Nazirliyi. Foto: MikroKon/shutterstock

“Paşinyan tərəfindən Azərbaycanla həmsərhəd rayonlarda KTMT-nın müşahidə missiyasının yerləşdirilməsinə dair 6 ölkənin xarici işlər nazirlərinin razılaşdığı qərar imzalanmayıb”

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr Müstəqillik Günündə etdiyi müraciət və Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda müraciətin “Rusiyanın ünvanına yolverilməz danışıq tərzi” ehtiva etdiyi qeyd olunaraq “qətiyyən qəbul edilməzdir” deyə bildirilir:

“Üzdə olan odur ki, xarici və daxili siyasətdəki uğursuzluqlara görə məsuliyyəti öz üzərindən ataraq Moskvanın üzərinə qoymağa cəhd edilir. Nikol Paşinyanın son sentensiyaları əvvəlki nəticələrimizi təsdiqləyir ki, Qərbin təhrik etdiyi və rəsmi Yerevanın təkan verdiyi, həm ölkə, həm də bizim müttəfiqlik münasibətlərimiz üçün destruktiv olan proseslər epizodik yox, sistemli xarakter daşıyır. Əslində, hökumət başçısı təsdiqləyir ki, bütün bu vaxt ərzində respublikanı şüurlu şəkildə Rusiyadan üz döndərməyə hazırlayıblar. Ermənistanın yeni – Qərbpərəst inkişaf vektoru vermək üçün atdığı addımlara guya ki, Rusiya və KTMT-nin səhvləri ilə bəraət qazandırmaq cəhdləri inandırıcı görünmür. Unudulur ki, dövlətlərimizin təhlükəsizlik və inkişaf məsələlərində çoxlu oxşar maraqları var, ABŞ və digər NATO ölkələrinin məqsədi isə yalnız Rusiyaya strateji zərər vurmaq yox, həm də bizim ümumi Avrasiya məkanımızda sabitliyi pozmaqdır”.

Rusiya XİN həmişə müttəfiq öhdəliklərinə sadiq qaldığını, ermənilərin dövlətçiliyinə hörmətlə yanaşdığını vurğulayıb:

“Heç vaxt respublikanı “ya bizimlə, ya da bizə qarşı” seçimi qarşısında qoymamışıq. Moskva qardaş Ermənistana təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə geniş miqyasda yardım göstərib və göstərməkdə davam edir. 2020-ci ilin payızında məhz Rusiyanın və şəxsən Prezident Putinin səyləri Ermənistanı tam məğlubiyyətdən xilas etdi. Əgər Paşinyan atəşkəsə bir neçə həftə əvvəl razılaşsaydı, məğlubiyyət də daha yüngül olardı. Nəhayət, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda bəzən öz həyatları bahasına fədakar fəaliyyəti Rusiyanın Azərbaycan və erməni xalqları arasında sülhə nail olmaq üçün özünün olduqca çətin missiyasına sadiq qaldığının təsdiqidir, ancaq Paşinyan bu barədə susmağa üstünlük verir”.

Nazirlik qeyd edir ki, Ermənistanda Rusiya şirkətləri üçün süni çətinliklərin yaradılmasına dair çoxsaylı siqnallara baxmayaraq həm ikitərəfli, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi və investisiya əlaqələrinin artırılması kursunu dəyişmədən davam etdiriblər:

Bu, hazırda rekord dinamika göstərərək erməni iqtisadiyyatının və vətəndaşların rifahının böyük artımına imkan yaradır. Ermənistanın ayrı-ayrı nümayəndələrinin humanitar sahədə qarşılıqlı faydalı layihələrin icrasına mane olmaq cəhdlərinə baxmayaraq, Rusiya Ermənistanla ümumi mədəni və təhsil məkanının möhkəmləndirilməsinin xeyrinə qətiyyətlə çıxış edir”.

Nikol Paşinyan bölgədəki məsələlərdə 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağın statusunun həllini gələcək nəsillərə saxlamamaq barədə centlmen sazişinə əməl etmək əvəzinə Qərbin məsləhətlərinə əməl edir. O, Praqa və Brüsseldə 1991-ci il Alma-Ata bəyannaməsinə istinadən Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini qəbul edib. Bu, həm 2020-ci ilin 9 noyabrında imzalanmış üçtərəfli bəyanatın şərtlərini, həm də Rusiya sülhməramlı kontingentinin vəziyyətini prinsipial olaraq dəyişib. Erməni rəhbərliyinin uzağı görməzliyi sayəsində Ermənistanın təhlükəsizliyini gücləndirmək sahəsində bir sıra razılaşmanı həyata keçirmək mümkün olmayıb, o cümlədən, Paşinyan tərəfindən Azərbaycanla həmsərhəd rayonlarda KTMT-nın müşahidə missiyasının yerləşdirilməsinə dair 6 ölkənin xarici işlər nazirlərinin razılaşdığı qərar imzalanmayıb. Rəsmi Yerevanın 9 noyabr 2020-ci ildən sonra Dağlıq Qarabağda erməni hərbi birləşmələrinin qaldığını inadkarlıqla inkar etməsi də vəziyyəti qızışdırdı və sonuncu sentyabr gərginliyinin əsas səbəblərindən birinə çevrildi. Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə edilən Ermənistanın hərbi hissələrinin ərazidən çıxarılmasına və “Dağlıq Qarabaq müdafiə ordusu”nun tamamilə tərksilah olunaraq ağır texnika və silahların təhvilinə dair razılıq real mənzərəni üzə çıxardı və davamlı deeskalasiya üçün şərtlər yaratdı”,-deyə XİN əlavə edib.

Bəyanatda daha sonra bildirilir ki, Rusiya və Azərbaycanla birlikdə ahəngdar fəaliyyətin əvəzinə Qərbə doğru qaçışa üstünlük verən erməni rəhbərliyinin qeyri-ardıcıl mövqeyi nəticəsində ali səviyyədə 2020-2022-ci illərdə əldə olunmuş üçtərəfli razılaşmalar kompleksi reallaşmadı:

Dəyərli vaxt itirildi, həmin vaxtda süh sazişinin razılaşdırılması, sərhədlərin delimitasiyası və bölgədəki kommunikasiyaların açılması planında xeyli irəli getmək olardı ki, bu da Ermənistan üçün təhlükəsizliyinin təminində əlavə faktora çevrilə bilərdi. O da diqqətəlayiqdir ki, Avropa İttifaqının himayəsi altında keçirilən Paris və Brüssel görüşlərində Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini xatırlatmadı. Bu gün də rəsmi Yerevanda Dağlıq Qarabağdakı mövcud problemlərin həllinə yardımçı olmaqda xüsusi maraq müşahidə etmirik – söhbət atəşkəs rejiminə əməl olunması üçün əlverişli şərtlərin yaradılmasından, humanitar vəziyyətin yaxşılaşdırılmasından, Bakı ilə Stepanaket (Xankəndi) arasında davamlı dialoqun başlanmasından gedir. Paşinyanın komandasının bu cür məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsində tamamilə anlaşılan narazılıq doğurub və bu özünü xalq etirazlarında göstərir. Əlbəttə, onların arxasında Rusiyanın dayanması iddiasının gerçəkliklə heç bir əlaqəsi yoxdur. Ermənistan hökumətinin başçısına yaxşı məlum olmalıdır ki, “rəng inqilabları” sahəsində bacarıqlı olan, ancaq qəribə təsadüf nəticəsində Yerevandakı etirazçıların çoxsaylı təqibinə göz yummağa üstünlük verən Qərbdən fərqli olaraq, Moskva bu cür işlərlə məşğul olmur. Üstəlik yaxşı məlumdur ki, ABŞ səfiri hökumətlə sıx təmas saxlayır. Bu fonda hakimiyyətin iştirakı ilə erməni KİV-lərində əsl antirus vakxanaliyası başlayıb”.

Əminik ki, erməni rəhbərliyi Ermənistanla Rusiya arasındakı çoxsahəli və çoxəsrlik əlaqələri qəsdən dağıtmağa çalışmaqla və ölkəni Qərbin geosiyasi girovuna çevirməklə böyük səhvə yol verir. Əminik ki, bunu erməni əhalisinin əksər hissəsi də başa düşür”,-bəyanat bu cümlələrlə yekunlaşır.

Ana səhifəSiyasətRusiya XİN-dən Paşinyanın sözlərinə reaksiya: “Qərbin məsləhətlərinə əməl edir”