close

Emin İbrahimovla bağlı həbs qərarı dəyişmədi

Foto: Emin İbrahimovun arxivindən

Apelyasiya məhkəməsi şikayəti təmin etməyib

Sentyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış Emin İbrahimov haqqında 30 günlük həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyilə keçirilən məhkəmə prosesində Emin Tanrıverdiyev özü və vəkili Aqil Layıc iştirak edib.

Onların hər ikisi ittihamla razılaşmadıqlarını apelyasiya məhkəməsinin hakimlərinin nəzərinə çatdırıblar. Bildiriblər ki, Yasamal Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır, Emin İbrahimov qadağan olunmuş heç bir informasiyanı yaymayıb. O, “Facebook” hesabında paylaşdığı statuslarına görə həbs olunub.

Emin İbrahimov bildirib ki, Baş Prokurorluqda onu paylaşımlarına görə “terroru dəstəkləməkdə” ittiham ediblər. Amma o statuslarda terror dəstəkləməkdən söhbət gedə bilməz.

Vəkil məhkəmədə hüquqlarını müdafiə etdiyi şəxsin paylaşımlarını da nümayiş etdirib: “Hanı burada terroru dəstəkləmə?”.

Aqil Layıc vurğulayıb ki, müvəkkilinin paylaşımlarında terrorun dəstəklənməsindən söhbət gedə bilməz. Emin İbrahimov kifayət qədər savadlı, peşəkar, intellektual şəxsdir. O, sosial media hesabında ölkədə və dünyada baş verən hadisələrlə bağlı öz fikirlərini bölüşüb.

Emin İbrahimov deyir ki, sentyabrın 20-də evdə olarkən mənzilin qapısını “Azərsu” əməkdaşları adıyla döyüb, mənzilə hücum ediblər. Məhkəmə qərarı olmadan evdə axtarış aparıblar. Evdən telefonları, kompüteri, video-registratoru və s. əşyaları götürüblər. Onun geyinməsinə belə imkan yaratmadan götürüb, Baş Prokurorluğa aparıblar. Bu qurumun Cinayət Təqibindən Kənar İşlər İdarəsində onun haqqında materiallar hazırlanıb, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirmə) maddəsilə o, sentyabrın 20-də Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Rəşad Cavadzadə onun haqqında 30 günlük həbs qərarı çıxarıb.

“Samsung” və “iPhone” markalı telefonların, HP markalı kompüterin, video registratorun qaytarılması məsələsi də məhkəmə qərarında öz əksini tapıb. Qaytarılma məsələsi prokurorluğa həvalə olunub. Bu isə həmin əşyaların evdən götürüldüyünü sübut edir. Hansı qanuni əsasla götürüldüyü isə qərardan aydın deyil.

Emin İbrahimov və vəkilinin çıxışlarına baxmayaraq, Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişməyib. Keçmiş diplomat haqqında 30 günlük həbs qərarı qüvvədə qalıb.
Aqil Layıc Meydan TV-yə bildirib ki, apelyasiya məhkəməsinin qərarını əldə edəndən sonra Avropa Məhkəməsinə şikayət veriləcək. Vəkil onu da əlavə edib ki, Emin İbrahimov evdən aparılanda götürülmüş əşyalar hələ də qaytarılmayıb.

Emin İbrahimov Qarabağda baş verən əməliyyatlarda Rusiyanın maraqları çərçivəsində həyata keçirildiyini düşünürdü və “Facebook” hesabındakı son paylaşımlarında bu barədə yazmışdı.

Qarabağda əməliyyatlar başlayandan sonra Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı ictimai fəallar həbs olunub. Onlardan bir neçəsinə 30 sutka inzibati həbs cəzası verilib. Bir neçə nəfər haqqında isə cinayət işi başlanıb.

Ana səhifəSiyasətEmin İbrahimovla bağlı həbs qərarı dəyişmədi