close

Rusiyada “xarici agent” sayılan sənətçilərə qonorar qadağası qoyula bilər

Foto: Anelo/shutterstock

“Rusiyanı ləkələyən alçaqların vətəndaşlarımızın sayəsində gəlir əldə etməsinə imkan vermək olmaz”

Rusiya Dövlət Duması “xarici agent” elan olunmuş sənətçilərə, musiqiçilərə, yazıçılara müəlliflik hüququ və əlaqəli hüquqlar üçün qonorar ödənilməsini qadağan edən qərar qəbul etməyə hazırlaşır.

Bu barədə Dumanın sədri Vyaçeslav Volodin məlumat verib.

“Rusiyanı ləkələyən alçaqların vətəndaşlarımızın sayəsində gəlir əldə etməsinə imkan vermək olmaz”, – Volodin bildirib.

Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskarev təklifin gələn həftə müzakirə ediləcəyini deyib.

Ötən həftə Dövlət Duması “xarici agent”ə aid layihələrdə, informasiya ehtiyatlarında reklam yerləşdirilməsini qadağan edən qanunu təsdiq edib.

Reklam bazarının iştirakçıları və bloger agentliklərinin nümayəndələri hesab edirlər ki, Rusiyada “xarici agent”lərin reklamını qadağan edən yeni qanun onların qazancını 50-80% azaldacaq.

Rusiyada 2012-ci ildən tətbiq olunan qanuna görə, hakimiyyət xaricdən maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarını “xarici agent” elan edə bilər.

Rusiya hökumətinə görə, “xarici agent” xaricdən maliyyələşərək ölkənin siyasi fəaliyyətində, həmçinin bəzi məlumatların kütləvi informasiya vasitələrində yayılmasında və ya hərbi məlumatların toplanmasında iştirak edən şəxsdir.

Mövcud qanunvericiliyə əsasən, “xarici agent”ə yardım etməyə görə hüquqi şəxslər 500 min, vətəndaşlar isə 50 min rubladək cərimə edilir.

2024-cü il fevralın 14-də Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu barədə saxta məlumatlar yayanların əmlakının müsadirə edilməsi haqqında qanun imzalayıb.

Rusiya Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, ordu və dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş ictimai çağırış edənlərin və ya yalan məlumat yayanların əmlakları müsadirə olunacaq.

Rusiya Ədliyyə Nazirliyi 2022-ci ildən etibarən Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxan məşhurları – musiqiçi, aktyor, müğənni, yazıçı və aparıcıları “xarici agent” siyahısına salmaqda davam edir.

Ana səhifəDünyaRusiyada “xarici agent” sayılan sənətçilərə qonorar qadağası qoyula bilər