Vladimir Kara-Murza “dövlətə xəyanət”də günahlandırılıb
Aprelin 17-də Moskva Şəhər Məhkəməsi müxalif siyasətçi Vladimir Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum edib.
O, Rusiya ordusu haqqında “saxta xəbərlər” yaymaqda, “arzuolunmaz” təşkilatın fəaliyyətində (Azad Rusiya Fondu ilə əməkdaşlığa görə) iştirakda və “dövlətə xəyanət”də mühakimə olunub.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Jurnalistlər üçün qapalı keçən məhkəmədə dövlət ittihamçısı siyasətçinin məhz 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfi onun səhhətinə görə cəza çəkməkdən azad edilməsinə çalışacağını bildirib.
Vladimir Kara-Murza son sözündə əminliklə deyib ki, vaxt gələcək Rusiyanın üzərindəki qaranlıq dağılacaq:
“Nə vaxtsa, qaraya qara, ağa ağ deyiləcək. Nə vaxtsa, rəsmi şəkildə 2+2=4 olduğu da deyiləcək. Nə vaxtsa, müharibəyə müharibə, qəsbkara qəsbkar və müharibəni dayandırmaq istəyənlər yox, qızışdıranlar cinayətkar kimi tanınacaq, onda Rusiyanın üzərindəki qaranlıq dağılacaq”.
Siyasətçi əlavə edib ki, məhkəmə prosesində müdafiə tərəfinin durumu ötən əsrin 1960-70-ci illərdə sovet dissidentlərinin “məhkəmələrini” də geridə qoyub.
Vladimir Kara-Murza Böyük Britaniyanın Kembric Universitetində təhsil alıb.
Rusiyaya qayıtdıqdan sonra jurnalist kimi çalışıb.
O, 2000-ci ildə üçüncü çağırış Dövlət Dumasına seçkilərdə Boris Nemtsovun müşaviri olub.