close

Türkiyədəki prezident seçkilərinin Azərbaycanda əks-sədası: mediada təbliğat, yoxsa dəstək?

Türkiyədə seçkilər. Foto: turkic/shutterstock

Emil Məmmədli

“Türkiyə seçiciləri Azərbaycan televiziyalarını ciddi mənbə kimi qəbul etmir”

 Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat işlərinin Azərbaycanda da aparılması jurnalistlər və seçki ekspertləri arasında müzakirə mövzusuna çevrilib.

Hələ aprelin 7-dən Prezident Administrasiyasından bütün telekanallara və digər media orqanlarına tezis göndərilib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın lehinə təbliğat aparılması tapşırılıb. Bu barədə Meydan TV etibarlı mənbədən məlumat əldə edib, tezislə tanış olub. Həmin tezisdən sonra yerli telekanallar təbliğata başlayıb – hazırlanan materiallarda Ərdoğanın Türkiyənin adına gördüyü işlər təkrar-təkrar vurğulanır, Azərbaycan vətəndaşları arasında Türkiyədə prezident seçkiləri və konkret olaraq Ərdoğanın namizədliyi ilə bağlı sorğular təşkil edilir və s.

Sosial şəbəkələrdə ekspertlərin, Türkiyə seçkilərinə maraqlı şəxslərin apardığı müzakirələrdə xüsusi qeyd olunur ki, Ərdoğanın Azərbaycanda təbliğatı Türkiyə seçicisinə heç nə vermir. Bundan başqa, xatırladılır ki, rəsmi Bakı son 30 ildə Türkiyədə keçirilən seçkilərə münasibətində ilk dəfə olaraq dəyişiklik edib. Belə ki, bundan əvvəlki hər bir seçkidə, Azərbaycan rəsmilərinin münasibəti – “Türkiyə xalqının seçimi, bizim seçimimizdir” şəklində olduğu halda, indi Ərdoğanın mövqeyi birmənalı müdafiə edilir…

 “Türkiyə ictimaiyyətinin informasiya əldə etdiyi media mənbələri arasında Azərbaycan mətbuatı yoxdur”

 Məsələni Meydan TV üçün şərh edən seçki üzrə mütəxəssis Anar Məmmədli bildirib ki, Türkiyə ictimaiyyətinin informasiya əldə etdiyi media mənbələri arasında Azərbaycan mətbuatı yoxdur. Onun sözlərinə görə, hətta Azərbaycanda yaşayan Türkiyə vətəndaşları oradakı proseslər barədə məlumatları öz medialarından alırlar.

“Azərbaycan vətəndaşları da Türkiyədəki siyasi hadisələr haqda məlumatları bu ölkənin telekanallarını, mətbuat orqanlarını, sosial mediada müəyyən şəxsləri izləməklə əldə edirlər. Doğrudan da, gülünc məsələdir ki, Azərbaycanda hansısa namizədin lehinə, yaxud əleyhinə olan seçki təbliğatının Türkiyədəki kampaniyaya təsiri ola bilsin”, – Anar Məmmədli deyib.

Azərbaycan mediasında hansısa formada təbliğatın aparılmasının Türkiyədəki seçki kampaniyasına təsiri olacağına inanmıram. Hökumət mediası daha çox Ərdoğanın hakimiyyətdə qalmasını vurğulamağa çalışır. Burada da daha çox hökumətin öz maraqlarından çıxış ediyini deyə bilərik”, – o bildirib.

 Anar Məmmədli hesab edir ki, hansısa materialın dərci yalnız Ərdoğanla dostluq edən, ona yaxın siyasi elitaya özünü Türkiyə Prezideninə xoş göstərmək üçün lazım olar.

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda aparılan Ərdoğana dəstək kampaniyası əks effekt də verə bilər.

“Türkiyə müxalifəti bundan istifadə edib belə bir təbliğat qura bilər ki, avtoritar siyasi rejimlər, Əliyev, Putin Ərdoğanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Çünki türk respublikaları arasında normal demokratik seçki mühiti Şimali Kipr Cümhuriyyəti istisna olmaqla yalnız Türkiyədə var. Təbii ki, bu ölkələrin başında dayananlar maraqlıdırlar ki, Ərdoğan kimi avtoritar lider prezident olsun, rahat şəkildə onunla işləyə bilsinlər”.

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

Onun fikrincə, Türkiyədə demokratik mühit, demokratik azadlıqlar formalaşandan sonra Əliyev və başqaları üçün çətin olacaq.

Anar Məmmədli xatırladıb ki, son 30 ildə Azərbaycanda Ayaz Mütəllibovdan bəri dörd prezident olub, hər birinin də Türkiyə ilə münasibələri yaxşı olub. Onun sözlərinə görə, eyni şeyi Türkiyənin Azərbaycana olan münasibəti barədə də demək olar:

“Ortaq nöqtələr var, bunlar uzun illərdir qurulub. Bu, Ərdoğan və Heydər Əliyevdən də əvvəl qurulmuş məsələdir. Ona görə də bəzi adamlar belə təqdimat verirlər ki, Ərdoğan getsə, Azərbaycan üçün çətin olacaq. Bu, siyasi savadsızlıq nümunəsidir. Eyni zamanda, Türkiyəni tanımamağın, Azərbaycanın bölgədə maraqlarını düzgün qiymətləndirməməyin nəticəsidir”.

 Anar Məmmədli qeyd edib ki, Türkiyə Azərbaycanla münasibətlərə daim önəm verən ölkədir və istər hakimiyyət, istərsə də müxalifətdə olan elita eyni mövqedədir.

“Azərbaycan telekanallarının Türkiyə tamaşasına təsiri sıfır dərəcəsindədir”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Azərbaycan mediasında Ərdoğan haqqında dərc olunanlara təbliğat kimi yox, dəstək kimi baxır.

“Bəlkə də kimlərsə Ərdoğana göstərmək istəyirlər ki, nə bacarırıqsa, edirik. Yəni seçiciyə birbaşa təsir seçki kampaniyası baxımından qeyri-ciddidir”, – o deyib. 

Mehman Əliyev vurğulayıb ki, Türkiyə seçiciləri nə Azərbaycan televiziyalarına baxır, nə də onları ciddi mənbə kimi qəbul edir. 

Mehman Əliyev, Foto: Meydan TV

“Azərbaycan telekanallarının Türkiyə tamaşasına təsiri sıfır dərəcəsindədir. Azərbaycanın təbliğatı heç yerli əhaliyə təsir edə bilmir, o ki, qaldı türk seçicisinə təsir etsin”, – Mehman Əliyev bildirib.

O qeyd edib ki, Türkiyədə seçici necə səs verəcəyini daha çox özünün həyat tərzi ilə ölçür – vəziyyətdən razıdır, yoxsa razı deyil:

Bu gün Türkiyədə sosial-iqtisadi məsələlər öndədir. Türkiyə hazırda böhran içindədir. Ona görə də türk seçicisi üçün hakimiyyətin xarici uğurları o qədər də önəmli deyil. Əslində, aparılan təbliğat Azərbaycan ictimaiyyətinə ünvanlanıb”.

Ana səhifəSiyasətTürkiyədəki prezident seçkilərinin Azərbaycanda əks-sədası: mediada təbliğat, yoxsa dəstək?