close

Rusiyanın Aerokosmik Qüvvələrinin baş komandanının vəzifəsindən azad edildiyi bildirilir

Sergey Surovikin. Foto: Wiki

Sergey Surovikinin işdən çıxarılması rəsmi açıqlanmayıb

General Sergey Surovikinin Aerokosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edildiyi bildirilir. Rusiya dövlət agentliyi olan “RİA Novosti”nin mənbəsi də bu məlumatı təsdiqləyib.

Mənbə Aerokosmik Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Viktor Afzalovun müvəqqəti olaraq həmin vəzifəni icra etdiyini deyib.

V.Afzalov 2018-ci ilin avqustundan Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargahının rəisidir.

Avqustun 22-də “Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov Rusiya Prezidentinin fərmanı ilə S.Surovikinin Aerokosmik Qüvvələrinin vəzifəsindən kənarlaşdırıldığını elan etsə də, fərman hələ ictimaiyyətə açıqlanmır.

S.Surovikin 31 oktyabr 2017-ci ildən Rusiyanın Aerokosmik Qüvvələrinin komandanlığına rəhbərlik edib. 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər Ukraynadakı Rusiya Silahlı Qüvvələrinin Birgə Qrupuna komandanlıq edib.

İyunun 23-də “Vaqner” özəl şirkətinin rəhbəri Yevgeni Priqojinin üsyan cəhdindən sonra bir sıra digər yüksək rütbəli rus zabitləri kimi S.Surovikinin də xidmətdən uzaqlaşdırılaraq saxlandığı barədə məlumatlar yayılıb. Rəsmi orqanlar məlumatı təsdiqləməsə də,  S.Surovikin hələ də ictimai məkanda görünmür.

İyunun 24-də Rusiyada hakimiyyəti devirmək cəhdi olub.

“Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojin iyunun 23-dən 24-nə keçən gecə hərbi hərəkətə başladığını elan edərək Moskvaya doğru yürüş edib.

O, əvvəlcə Rostov, ardınca isə Voronej şəhərlərini nəzarətə götürüb.

Günün birinci yarısında Prezident Vladimir Putin xalqa müraciətində baş verənləri xəyanət adlandırıb və qiyamı təşkil edənlərlə bağlı orduya əmr verildiyini bildirib.

Günün ikinci yarısı Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı ilə razılaşaraq Priqojinlə danışıq aparıb.

Nəticədə Y.Priqojin hərbi yürüşü dayandıraraq Belarusa gedib.

Onun barəsində açılan cinayət işi isə ləğv edilib.

Ana səhifəDünyaRusiyanın Aerokosmik Qüvvələrinin baş komandanının vəzifəsindən azad edildiyi bildirilir