close

7 ildən bir əl gəzdirilən konstitusiyamız

Azərbaycan Konstitusiyası. Foto: Wiki

Rövşən Hacıbəyli

Növbəti 7 ilin tamamında bizi hansı sürprizlər gözləyir…

17 sentyabr 1787-ci ildə qəbul edilən ABŞ Konstitusiyasına indiyə qədər, yəni 236 ildə cəmi 17 düzəliş edilib. Nədən? Həqiqətənmi 236 il qabaq qəbul edilən Ana Yasa o qədər mükəmməl olub ki, zamanın sınaqlarına dözə bilib? Gəldi-gedər hakimiyyətlər necə, yəni konstitusiya onların hamısının maraqlarına cavab verib? Hakimiyyətdə olanlar Ana Yasanı öz istəklərinə uyğunlaşdırmağa cəhd ediblərmi? Bu suallar amerikalıları yox, daha çox bizi düşündürür, təəssüf…

Okeanın o tayını qoyaq kənara, bəs Azərbaycanda durum necədir? Bir, yəni uzun illərdir dəyişməz hakimiyyətin vaxtında, çox da uzaq olmayan tarixdə, 1995-ci ildə indiki konstitusiyanı qəbul etmişik, həm də böyük coşquyla.

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

O vaxt konstitusiyanın qəbulu ilə bağlı Heydər Əliyev demişdi: “…Konstitusiya layihəsi indiyə qədər olan bütün konstitusiyaların, qanunların hamısından fərqlənir. Ona görə fərqlənir ki, bu, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.

Belə fərqlilik müstəqil Azərbaycanın konstitusiyasının başına olmazın oyunlar açdı. Görünür, cəmi 28 il qabaq qəbul edilən konstitusiya o qədər yararsız hazırlanıb ki, hər 7 ildən bir ona dəyişiklik etmək gərəyi yaranıb. 28 il ərzində konstitusiyaya 65 əlavə və dəyişiklik edilib. 12 noyabr 1995-ci ildə qəbul edilən 151 maddəlik konstitusiyaya 2002-ci, 2009-cu və 2016-cı illərdə, yəni hər 7 ildən bir əl gəzdirilib. Əl gəzdirənlər elə həmin konstitusiyanı bəh-bəhlə qəbul edənlərdir, yəni hakimiyyət dəyişikliyi olmayıb, Ana Qanunun qəbulundan keçən 28 ildə hakimiyyət bir ailənin əlindədir. 17 fevral 2009-cu ildə Abel Məhərrəmov “Azərbaycan” qəzetinə yazdığı məqalədə bu konstitusiyanı Ulu öndərin “şah əsəri” adlandırıb. Zaman göstərir ki, uzaqgörən akademik “şah əsəri” sözünü səbəbsiz dırnağa almayıb… Savadlı adam başqadır…

Başqa bir versiya da var: 7 türklərdə müqəddəs rəqəm sayılır, ola bilsin, bu dəyişikliklərin bir səbəbi də budur. Koroğlu dəlilərinin də sayı 7777 nəfər olub. Azərbaycanda prezident səlahiyyətinin 7 ilə qaldırılmasının kökündə, bəlkə, elə bu inanc dayanır… Yeri gəlmişkən, ABŞ konstitusiyasının qəbulu tarixində də üç 7 rəqəmi var…

Bu il, 2023-cü ildə sonuncu dəyişikliyin 7 ili tamam olur. Ənənəyə sadiq qalıb bu il də konstitusiyaya dəyişiklik edəcəyikmi?

Artıq bununla bağlı qeyri-rəsmi soraqlar gəlir, xəbərlər yayılır. Maraqlı olan hansı dəyişikliklərin edilməsidir. Adama elə gəlir ki, 28 ildə konstitusiyaya edilən bütün dəyişikliklərlə hakimiyyətin mümkün maraqları təmin olunub. Normal məntiqlə elə bir zəruri dəyişikliyi adam düşünə bilmir. Ancaq bu hakimiyyət həm də zəngin sürprizlərinə görə xalqın “sevimlisidir”.

İndi gəlin keçən 28 ildə konstitusiyamıza edilən dəyişikliklərə baxaq, axtaraq görək xalqın maraqlarının, insan haqlarının qorunması baxımından nələri qazanmışıq.

24 avqust 2002-ci il tarixli referenduma getməkdə məqsəd “fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsi”ni təmin etmək idi. Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin səs çoxluğu – “50+1” prinsipi ilə hesablanmasını nəzərdə tuturdu.Bildiyiniz kimi, ovaxtkı prezident Heydər Əliyevin səhhətində yaranan problemlər, bunların məntiqinə görə, konstitusiyaya dəyişikliyi zəruri etmişdi. 2002-ci il konstitusiya dəyişikliyinin yeganə səbəbi prezident səlahiyyətlərinin baş nazirə verilməsiydi. Zaman yetişdi, Artur Rəsizadə müvəqqəti istefa verib baş nazir postunu İlham Əliyevə ötürdü. Prezident səlahiyyəti İlham Əliyevə keçəndən sonra yenidən vəzifəsinə qayıtdı.

18 mart 2009-cu il tarixli referendumda açar dəyişiklik bir nəfərin iki dəfədən artıq seçilməsini təmin etmək idi. Bundan başqa, 101-ci maddənin 5-ci hissəsinə edilən dəyişiklik də prezidentə seçki keçirmədən, yəni müharibə şəraitində postunda qalmağa imkan verir. Çox təəssüf, Azərbaycanın indiki durumunda müharibə şəraitini istənilən an yaratmaq olar…

28 il ərzində konstitusiyaya 65 əlavə və dəyişiklik edilib. 12 noyabr 1995-ci ildə qəbul edilən 151 maddəlik konstitusiyaya 2002-ci, 2009-cu və 2016-cı illərdə, yəni hər 7 ildən bir əl gəzdirilib. Əl gəzdirənlər elə həmin konstitusiyanı bəh-bəhlə qəbul edənlərdir, yəni hakimiyyət dəyişikliyi olmayıb, Ana Qanunun qəbulundan keçən 28 ildə hakimiyyət bir ailənin əlindədir.

101-ci maddə, V.Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Ancaq BDU-nun ovaxtkı rektoru, həm də Milli Məclisin deputatı Abel Məhərrəmov bu dəyişiklikləri fərqli izah edir: “Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə edilən əlavə və dəyişikliklər də mahiyyətcə demokratik norma və prinsiplərlə tamamilə uzlaşmaqla, respublikamızın hazırkı inkişaf tempi ilə səsləşir. Müəyyən qüvvələr bu maddə ətrafında ajiotaj yaratmaqla konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətini konyunktur maraqlar müstəvisindən şərh etməyə, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət edən bu yeniliklərin mahiyyətini təhrif etməyə – bir sözlə, ictimaiyyəti çaşdırmağa çalışırlar. 101-ci maddədə nəzərdə tutulan əlavə və dəyişikliklər də respublikamızın sosial-iqtisadi, demokratik inkişafından irəli gəlir. Nəzərə almaq lazımdır ki, konstitusiyamız qəbul edilərkən dövlətin sütunları hələ kifayət qədər möhkəm deyildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən çatışmazlıqlar mövcud idi, iqtisadi, siyasi, hüquqi islahatlara start verilməmişdi. Həmin vaxt cəmiyyətdə kommunizm ideologiyasının təsiri, totalitar düşüncə elementləri özünü daha qabarıq büruzə verirdi. O zaman 101-ci maddənin konstitusiyada nəzərdə tutulması, yəni bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsi qarşısında müəyyənləşdirilən konstitusion baryer tamamilə məntiqəuyğun olub dövrün reallıqları ilə şərtlənirdi. Lakin ötən müddətdə Azərbaycanda elə siyasi-hüquqi, demokratik sistem formalaşmışdır ki, bu maddənin konstitusiyada olub-olmaması elə də mühüm əhəmiyyət kəsb etmir. Ölkədə formalaşan yetkin siyasi düşüncə budur ki, hakimiyyətin yeganə mənbəyi xalqdır. Yalnız xalqın siyasi iradəsi ilə baş tutan demokratik, azad, şəffaf seçkilərdə deputat seçilmiş şəxs Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu baxımdan, hər hansı şəxsin iki dəfədən artıq prezidentliyə namizədliyini irəli sürməsi respublikada demokratik proseslərin mahiyyətinə heç bir təsir göstərmir. Son nəticədə kimin prezident seçiləcəyini xalq müəyyənləşdirir… Respublikamızda çoxpartiyalı siyasi sistem formalaşmış, vətəndaş cəmiyyəti təsisatlarının, mətbuatın fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Demokratik proseslərin qaçılmazlığı siyasi hakimiyyət tərəfindən də birmənalı qəbul edilir”.

26 sentyabr 2016-cı il referendumunda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Sənəddə prezidentin birinci vitse-prezident və vitse-prezidentlər vəzifələrini yaratması nəzərdə tutulur. Təklifə əsasən, onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil.

Bundan əlavə olaraq, prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. 2016-cı ildə edilən dəyişikliklərə qədərprezidentin səlahiyyətləri baş nazirə keçirdi və onun təyinatını parlament təsdiqləyirdi.

Ana qanunumuzu indi nələr gözləyir? Bu payız biləcəyik…

Hökm onun hökmüdürür, fərman onun fərmanıdır…

Ana səhifəMənim Fikrimcə7 ildən bir əl gəzdirilən konstitusiyamız