close

Sabunçu xəstəxanasının şöbə müdiri ev dustağı oldu

Sabunçu Rayon Xəstəxanası.Foto: “aztibb.az”

İlqar Qaracayev hərbi çağırışçılardan rüşvət almaqda ittiham olunur

“Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin (Sabunçudakı 3 saylı xəstəxana) şöbə müdiri İlqar Qaracayev hərbi xidmətə çağırılan gənclərə rüşvət müqabilində yararsız olmaları barədə saxta tibbi rəy verməkdə ittiham olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun haqqında cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Şöbə müdiri saxta tibbi rəylərə görə ümumilikdə 18 min manatdan çox rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələrilə ittiham irəli sürülüb. Lakin istintaq gedən müddətdə İlqar Qaracayevin həbs olunmamasına qərar verilib.

“Yaşı nəzərə alınaraq, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib”, – prokurorluqdan bildirilib.

Hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onunla bağlı istintaq davam edir.

İlqar Qaracayevin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

“Sabunçu Tibb Mərkəzi”nin direktoru Fikrət Zeynalov 2023-cü ilin martında vəzifəsindən azad edilib. Uzun müddət bu quruma rəhbərlik etmiş Fikrət Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır. O, vəzifədən azad ediləndən bir müddət sonra 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunmuşdu.

Ana səhifəSosialSabunçu xəstəxanasının şöbə müdiri ev dustağı oldu