close

“SOCAR-AQŞ”  MMC-də mənimsəməyə görə keçmiş direktor həbs edilib

Ramin İsayev. Foto: “Azərtac”

Söhbət 16 milyon manatlıq mənimsəmədən gedir

“SOCAR-AQŞ”  MMC-nin keçmiş baş direktoru Ramin İsayev həbs olunub. O, 16 milyon manatlıq mənimsəmədə ittiham olunur.

1972-ci il təvəllüdlü Ramin İsayev haqqında istintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılır. Sabiq baş direktora qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin istintaq dövrü üçün Ramin İsayev haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Həbs qərarı Binəqədi Rayon Məhkəməsində (istintaqı aparan orqan – Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu rayonun ərazisində yerləşdiyinə görə) verilib.

Quyu-qazma işlərinin həyata keçirilməsilə məşğul olan “SOCAR -AQŞ” MMC 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yanaşı, həm də “Nobel Energy” və “Abşeron Qazma” MMC (AQŞ) tərəfindən təsis edilib.
Ramin İsayev 2009-2020-ci illərdə  baş direktor vəzifəsində çalışıb.

Ana səhifəSiyasət“SOCAR-AQŞ”  MMC-də mənimsəməyə görə keçmiş direktor həbs edilib