close

Sahibkar hüquq-mühafizə orqanlarından narazıdır: “Sanki qapılarına borca gəlmişəm”

Ramil Hüseynov. Fotolar: Meydan TV

Ramil Hüseynov: “Sözü deməyin də qaydası var, şəhid ailəsinə budurmu hörmət?”

Biləsuvarda fermer təsərrüfatıyla məşğul olan sahibkar Ramil Hüseynov bu rayondakı hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır.

O iddia edir ki, 2019-cu ildə əmlakı talanıb, ona külli miqdarda ziyan dəyib, lakin müvafiq qurumlar bu cinayətin üstünü açmır.

“Ölüblərsə, cəsədlərini niyə göstərmirdi?”

Ramil Hüseynov Meydan TV-yə danışır ki, ferma Biləsuvar rayonunun Arazbarı kəndində yerləşir. Onun sözlərinə görə, fermadakı mal-qaraya Fəxrəddin Quliyev baxırdı. Aralarındakı qeyri-rəsmi razılaşma əsasında ona 271 baş xırdabuynuzlu heyvan təhvil verib:

“Bu heyvanlara baxmağa görə məndən aylıq 300 manat pul və bir kisə un alırdı – belə razılaşmışdıq. Bunu Fəxrəddin Quliyevin özü də izahatında təsdiqləyib”.

Sahibkarın iddiasına görə, bir müddət sonra 120 baş heyvan yoxa çıxıb. Fəxrəddin Quliyev heyvanların xəstəlikdən kütləvi şəkildə öldüyünü bildirib. Lakin Ramil Hüseynov iddia edir ki, çoban yalan danışır, heyvanları ələ keçirilib.

“Ölüblərsə, hamısının cəsədini niyə göstərmirdi? Çünki o heyvanlar ölməyib, ələ keçirilib. Çox təəssüf ki, hüquq-mühafizə orqanları məsələyə səhlənkar yanaşır. Biləsuvar Rayon Prokurorluğunda 2019-cu ildən bir neçə dəfə izahat vermişəm. Rayonun prokuroru Camal Bağırov hansısa maraqlardan elə qərarlar çıxarır”, – Ramil Hüseynovun sözləridir.

O, dəfələrlə Baş Prokurorluq, Ombudsman Aparatı da daxil olmaqla, müxtəlif dövlət strukturlarına xeyli şikayətlər göndərib. Hətta Baş prokurorun da qəbulunda olduğunu deyən Ramil Hüseynov vurğulayıb ki, əlindəki sübutları ona təqdim edib.

“Mənim qardaşım Qarabağ döyüşlərində şəhid olub. Şəhid ailəsinə budurmu hörmət? Sözü deməyin də qaydası var. Bəzən elə danışırlar, sanki dövlət idarəsi deyil, qapılarına borca gəlmişəm…”.

Ətraflı araşdırma aparılıb, cinayət tərkibi yoxdur”

Biləsuvar rayonunun prokuroru Camal Bağırov bildirib ki, Ramil Hüseynovun ona məxsus qoyunların oğurlanması, lakin bu cinayətin araşdırılmaması haqda iddiaları əsassızdır.

“Biləsuvar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılıb. Müstəntiq əməldə cinayət tərkibinin olmaması əsasıyla 28 iyun 2022-ci ildə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edib. Bu qərarın ləğvi üçün də əsas yoxdur. Ona görə də məhkəməyə müraciət edə bilərsiniz”, – prokuror məktubunda belə yazıb.

Ana səhifəBölgəSahibkar hüquq-mühafizə orqanlarından narazıdır: “Sanki qapılarına borca gəlmişəm”