close

Spiker və deputatlar Vahid Əhmədovu cəzalandırmağı təklif edirlər

Foto: Milli Məclis

Onun səsləndirdiyi fikirlərə İntizam Komissiyasında baxılacaq

Deputat Vahid Əhmədovun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxıla bilər.

Təklifi Milli Məclisinin sədri Sahibə Qafarova aprelin 25-də keçirilən iclasda səsləndirib.

Səbəb isə deputatın aprelin 16-da bloger Mehman Hüseynova verdiyi müsahibədəki fikirlərdir.

Vahid Əhmədov həmin müsahibədə yalnız 3 deputatın Milli Məclisə keçirilən seçkilərdə ədalətli şəkildə səs qazandığını iddia edib.

Sahibə Qafarova isə Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması ilə bağlı tapşırıq verdiyini də bildirib:

Sahibə Qafarova
Foto: Azertac

Deputat Vahid Əhmədovla bağlı məsələnin İntizam Komissiyasında baxılmasını tapşırıram. Bu məsələ ilə bağlı çox ciddi məşğul olun. Komissiyada müzakirə aparın və mənə məruzə edin”.

Fəzail Ağamalı: “Onun bu müsahibəsi Milli Məclisin legitimliyini sual altına alır”

İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Vahid Əhmədovu tənqid edib.

O deyib ki, deputat bu fikirləri ilə dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib:

Vahid Əhmədov ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır”.

Fəzail Ağamalı
Fəzail Ağamalı, Mənbə: Report.az

Mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”, – Ağamalı qeyd edib.

Siyavuş Novruzov: “Nə milliyyəti məlumdur, nə təhsili var. Bu kimdir?”

Deputat, Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzov isə bloger Mehman Hüseynov haqqında sərt ifadələr işlədib:

“Bu gün Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var. Hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək”.

Siyavuş Novruzov
Foto: APA

Fəzail İbrahimli: “Sənin vicdanın bu şeylərə dözmürsə, mandatı qoy, get…”

Vitse-spiker Fəzail İbrahimli həmkarının müsahibəsini təsadüfü olmadığını deyib.

Vahid müəllim tələyə düşən oğlan deyil. Nə edirsə, bilərəkdən edir, nə danışırsa, bilərəkdən danışır. Bu, təsadüfi hadisə deyil. İnsanların heysiyyatına toxunmaq səlahiyyətini sizə kim verib? Deyirsən ki, buradakı 3 nəfərdən başqa hamı saxtakardır. Niyə mənim heysiyyatıma toxunursan? Deyirsiniz ki, dövlətin yanındasınız. Parlament də dövlətin bir qoludur. Adama deyərlər ki, bəyənmirsən, oturma da. Sənin vicdanın bu şeylərə dözmürsə, açıq şəkildə mandatını qoy, get”, – Fəzail İbrahimli vurğulayıb.

O, Vahid Əhmədovu cəzalandırmağı təklif edib: “De ki, özümlə bacarmadım. Sizin maddi durumunuz hamıdan yaxşıdır. Vəzifəniz, statusunuz var. Adamdan soruşarlar, nə istəyirsən? Nədir səni qane etməyən?”

Fəzail İbrahimli
Foto: arxiv

“Azərbaycan parlamentində oturub, onun ünvanına bu cür ifadə işlədən hər bir kəs cəzasını almalıdır. O cümlədən, İntizam Komissiyasında bu məsələyə baxılmalıdır”, – deyə İbrahimli çıxışını yekunlaşdırıb.

Vahid Əhmədov: “Bütün suallara cavab verməyə hazıram”

Deputat Vahid Əhmədov isə müvafiq komissiyada məsələsinə baxılmasına etiraz etmədiyini deyib:

“Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın, etiraz etmirəm, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram”.

Vahid Əhmədovu niyə cəzalandırmaq istəyirlər?

Deputat Vahid Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaması barədə fikirlər səsləndirib.

Bundan başqa, deputat həmkarlarının düzgün seçilib-seçilməmələri və başqa məsələlərlə bağlı fikirlərini dilə gətirib.

O həmçinin müxalifət partiyalarının seçkiyə buraxılacağı təqdirdə səs toplaya biləcəklərini də qeyd edib.

Vahid Əhmədov

Vahid Əhmədov kimdir? – Qısa icmal

Vahid Əhmədov 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazırlanmasında iştirak edib, müstəqilliyin lehinə səs verib.

1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biridir.

Elçibəy hakimiyyəti dövründə (1992-ci il) Baş nazirin birinci müavini təyin olunub.

76 yaşlı Vahid Əhmədov 2005-ci ildən ardıcıl olaraq Azərbaycan parlamentində təmsil olunur.

O, 1990-1995-ci illərdə də Azərbaycan parlamentində yer alıb.

2020-ci ilin növbədənkənar parlament seçkilərində təkrar 52 saylı Quba seçki dairəsindən Milli Məclisə mandat alıb.

Ana səhifəSiyasətSpiker və deputatlar Vahid Əhmədovu cəzalandırmağı təklif edirlər