close

Şamaxı sakini: “Övladım gözümün qarşısında əriyir, bütün qurumlara müraciət etmişəm, kömək edən yoxdur”

Cabar Abdurrəhimov. Foto: Meydan TV

Ailəsi gəncin əməliyyatı üçün lazım olan vəsaiti tapa bilmir

23 yaşlı Cabar Abdurrəhimov anadangəlmə ürək xəstəliyindən əziyyət çəkir.  Şamaxı rayonunun Dağ Bağırlı kəndində yaşayan gəncin həyatını əməliyyatla xilas etmək mümkündür. Atası Fayiq Abdurrahimov belə deyir.

Onun sözlərinə görə, övladının Türkiyədə əməliyyat etdirməklə sağalması mümkündür. Bunun üçün isə maddi imkanı yoxdur:

“Bir övladım bu xəstəlikdən vəfat edib, Cabarı isə müalicə və əməliyyat etdirməyə vəsaitim yoxdur. Övladım gözümün qarşısında əriyir, bütün qurumlara müraciət etmişəm, kömək edən yoxdur”.

Fayiq Abdurrahimov deyir ki, Azərbaycanda müraciət etmədiyi dövlət və özəl xəstəxana qalmayıb, amma nəticəsi olmayıb:

Türkiyədəki həkimlər əməliyyata razılıq veriblər. Müayinə və müalicəsi üçün 8 min manat, əməliyyata təxminən 50 min manat vəsait lazımdır. Köməklik üçün etdiyim müraciətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilir, onlar isə vəsaitlərinin olmadığını deyirlər”,- Abdurrəhimov deyib.

Ata danışır ki, kənddə ailəsini güclə dolandırır. Uşağın ürəyinin döyüntüsü artıb, tez-tez təcili yardım çağırmaq məcburiyyətində qalırlar:

Uşaq evin içərisində güclə hərəkət edir. Bir övladını xəstəlikdən itirən ata-ananın səsinə səs versinlər, övladımı ölməyə qoymasınlar”.

İcbari Tibbi Slğorta üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildiriblər ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə 59 ürək əməliyyatı təminata alınıb. Amma ürək köçürülməsi əməliyyatı Xidmətlər Zərfinə daxil deyil. Vətəndaş Faiz Abdurrəyimov agentliyə müraciət edərkən övladına ürək qüsuru əməliyyatı ilə bağlı deyil, “ürək köçürülməsi”əməliyyatı ilə bağlı müraciət edib. Cavab məktubunda vətəndaşa ürək köçürülməsi əməliyyatının Xidmətlər Zərfinə daxil olmadığı haqqında məlumat verilib.

Ana səhifəBölgəŞamaxı sakini: “Övladım gözümün qarşısında əriyir, bütün qurumlara müraciət etmişəm, kömək edən yoxdur”