close

Şarl Mişel Əliyevlə Paşinyanı yenidən bir araya gətirir

Brüssel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, Foto: Azərtac

Paşinyan görüşdə iştirakını təsdiqlədiyini deyib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Nikol Paşinyanla görüşəcək.

Bunu iyulun 13-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Mən artıq bu görüşdə iştirakımı təsdiqləmişəm. Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi üzrə danışıqlarda irəliləyiş qeydə alınacaq”, – deyə Nikol Paşinyan bildirib.

Brüssel görüşü iyulun 21-nə planlaşdırılsa da, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan daha əvvəl baş tutacağını bildirmişdi.

Azərbaycan Prezienti İlham Əliyev də bu gün ABŞ dövlət katibi A. Blinkenlə telefon danışığı zamanı yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Sonuncu dəfə bu formatda görüş iyunun 1-də Fransa Prezidenti və Almaniya kanslerinin iştirakı ilə Kişinyovda baş tutmuşdu.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətŞarl Mişel Əliyevlə Paşinyanı yenidən bir araya gətirir