close

Serbiyada seçkinin nəticələrinin ləğvi ilə bağlı aksiya keçirilib

Foto: Reuters

Parlamentin girişinə toplaşanlar “Vuçiç oğrudur!” şüarları səsləndiriblər

Dekabrın 24-də axşam saatlarında Serbiya parlamenti yaxınlığında bir neçə min nəfər hökumət əleyhinə etiraz aksiyası keçirib. Onlar dekabrın 17-də keçirilən parlament və yerli hakimiyyət orqanlarına seçkilərin nəticələrinin ləğv edilməsini tələb ediblər.

Müxalifətin aksiyasına “Serbiya Zorakılığa Qarşı” Blokun liderləri Marinika Tepiç və Miroslav Aleksiç başçılıq ediblər. Aksiyaçılar şəhərin mərkəzi küçəsi Kralja Milana və Serbiya Prezidenti Aleksandr Vuçiçin iqamətgahının 100 metrliyində yerləşən küçəni bağlayıblar.

“Reuters” xəbər verir ki, parlamentin girişinə toplaşanlar “Vuçiç oğrudur!” şüarları səsləndiriblər.

Etirazçılar bir neçə dəfə məclis binasına girib, binanın pəncərə və qapılarını zədələməyə cəhd ediblər. Binaya daş və digər əşyalar atılıb.

Daxili İşlər Nazirliyi etirazçıları “binaya girməkdən çəkinməyə” çağırıb və nümayişçilərə qarşı gözyaşardıcı qaz və bibər qazından istifadə edərək etirazçıların içəri girməsinə mane olub.

Prezident Aleksandr Vuçiç dövlət televiziyasından müraciəti zamanı bildirib ki, digər ölkələrin kəşfiyyat xidmətləri rəsmi Belqradı gözlənilən etirazlarla bağlı xəbərdar edib.

Serbiyanın Baş naziri Ana Brnabiç xüsusən də Rusiyadan hakimiyyətə belə məlumatın daxil olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “kollektiv Qərb” “Maydan çevrilişi üsullarından istifadə edərək” Serbiyadakı vəziyyəti “qarışdırmağa” çalışır.

Serbiya polisi yerli vaxtla axşam saat 22 radələrində (Moskva vaxtı ilə gecəyarısı) etirazçıları məclis binasından uzaqlaşdırıb. Axşam saatlarında polis 38 nəfəri saxlayıb.

Serbiyanın Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Aleksandr Vuçiç həmin axşam ikinci dəfə ölkə sakinlərinə müraciət edib.

Prezident bildirib ki, polis həbsləri davam etdirəcək və iğtişaşlarda iştirak edən hər kəsi tapacaq.

“Harada gizlənsələr də, gizlənə bilmirlər. Siyasi şıltaqlıqlara görə Serbiya dövlətini məhv edə bilməzsiniz. Necə ki, siz demokratiyanı və vətəndaşların seçki iradəsini məhv edə bilməzsiniz”, – Vuçiç belə deyib.

Respublika Seçki Komissiyasının məlumatına görə, 17 dekabr növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyası 46,72 faiz səs toplayıb. İkinci yeri 23,56 faiz səslə mərkəz-sol müxalifət alyansı “Serbiya Zorakılığa Qarşı”, üçüncü yeri Serbiya Sosialist Partiyası (6,56 faiz) tutub.

Beynəlxalq müşahidəçilər bildiriblər ki, hakim partiya medianın qərəzliliyi, Vuçiçin təsiri və səsvermədə pozuntular səbəbindən ədalətsiz üstünlük əldə edib.

Amma Aleksandr Vuçiç seçkilərin ədalətli keçdiyini bildirib.

“Serbiya Zorakılığa Qarşı” blokunun liderlərindən biri Marinika Tepiç seçkilərdən sonra səsvermənin nəticələrinin ləğv edilməsini tələb edərək aclıq aksiyasına başlayıb.

Ana səhifəDünyaSerbiyada seçkinin nəticələrinin ləğvi ilə bağlı aksiya keçirilib