close

Ərəstun Oruclu prezidentliyə namizəd olmağa qərar verdi

Ərəstun Oruclu. Foto: sosial şəbəkə

“İnsanlarda “seçkiyə getdin-getmədin, nəticəsi bəllidir” əhvalını yaratmaq doğru deyil”

Siyasi ekspert Ərəstun Oruclu 7 fevral növbədənkənar Prezident seçkilərində iştirak edəcək. Bu barədə Ərəstun Oruclu özü Meydan TV-yə danışıb.

O, boykotun əleyhinə olduğunu deyir və seçicini, xalqı mövcud hakimiyyətlə meydanda tək buraxmağı qəbuledilməz sayır:

Ümumiyyətlə, insanlarda “seçkiyə getdin-getmədin, nəticəsi bəllidir” əhvalını yaratmaq doğru deyil. Bu cür yanaşma seçki şüuruni insanların ağlından silir. Həmçinin, cəmiyyətin passionar hissəsini hərəkətə gətirmək lazımdır. İndiki namizədlər formatı cəmiyyəti hərəkətə gətirmək gücündə deyil, bir sıra hallarda da bəzi namizədlərin qarşısında elə vəzifə də dayanmayıb. Məhz həmin boşluğu aradan qaldırmaq məqsədi ilə seçkilərə qatılmaq qərarı verdim”. 

O, 2013-cü il seçkilərində də namizədliyi irəli sürdüyünü yada salaraq əlavə edib ki, o zaman imza toplamaqla bağlı çətinliklər oldu:

“Bilirsiniz ki, Azərbaycan seçiciləri imza verməyə həvəsli deyillər. Amma indiki şəraitdə işlək komanda var, o insanlar ki, məni prosesə qatılmağa ruhlandırıblar, onlar texniki işlərin görülməsini də üzərlərinə götürüblər. Alınacaqmı, onu zaman göstərəcək, birmənalı şəkildə onu deyə bilmərəm. İndidən qeydiyyata alınacaq, alınmayacaq, bu barədə danışmaq istəmirəm, nə olacaqsa, mətbuata açıqlama veriləcək”. 

Ə.Oruclu qeyd edib ki, o, “Tərtər işi”nin ifşasında rol oynadığından bu məsələnin ictimai müzakirəsində böyük kəsim formalaşıb:

“Təklif də onlardan gəldi və söz verdilər ki, dəstək olacaqlar. Təbii ki, 2013-cü illə müqayisə olunmayacaq dərəcədə güclü komanda var, ümid edirəm imza toplamağın öhdəsindən gələcəyik”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad ƏliyevYunus Oğuz namizədliklərini irəli sürüblər.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətƏrəstun Oruclu prezidentliyə namizəd olmağa qərar verdi