close

Siyasi partiyaların reyestri: AXCP və Müsavatdan reaksiya

Arif Hacılı və Əli Kərimli. Foto: Meydan TV

Hər iki partiya qanunda dəyişikliklərin ola biləcəyini ehtimal edir

İyunda “Siyasi partiyalar haqqında” Qanunun qəbulunun 180 günü tamam olacaq. Ardınca partiyalar Ədliyyə Nazirliyinə tələb olunan sənədlərini və 4500 üzv barədə məlumat təqdim edəcək.

Qanunla reyestrdən keçməyən partiyaların fəaliyyəti məhkəmə yolu ilə dayandırılacaq.

Bir müddət öncə Meydan TV-yə danışan Hüquq və İnkişaf Birliyi Təşkilatının sədri Hafiz Həsənov bildirmişdi ki, belə olan təqdirdə partiya sədrlərinin siyasi təşkilat adından çıxış etməsi də qadağan olunacaq.

Bəs müxalifət partiyaları nə düşünür, onlar reyestrdən keçəcəklərmi?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ümid edir ki, beynəlxalq təşkilatların təzyiqi nəticəsində qanunvericilik dəyişdiriləcək.

Müsavat Partiyası da bu qənaəti bölüşür və reyestrlə bağlı hələ ki hər hansı bir qərar verilmədiyini deyir.

AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, iyunda partiyalar təkrar qeydiyyatdan keçməyəcəklər, sadəcə, reyestr üçün üzvlərinin sayını müvafiq nazirliyə göndərəcəklər.

Ona görə Əli Kərimli məsələylə bağlı qərar verməyə tələsmədiklərini deyib:

“Çünki qanun mürtəce olduğundan Avropa Parlamenti, ABŞ Dövlət Departamenti kifayət qədər sərt münasibət sərgiləyib. Ən əsası, Venesiya Komissiyası qanunu tənqid edib, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu qanunun dəyişməsini təklif edib. Yəni bu coğrafiyada insan hüquqları baxımından söz sahibi olan qurumların hamısı Azərbaycan hökumətinə çağırış edib ki, qanun faktiki çoxpartiyalığı ləğv etməyi nəzərdə tutur. ATƏT hökumətə çağırış edib ki, qanun müxalifət partiyalar üçün də fəaliyyət imkanları olması şərtilə dəyişdirilməlidir. Ona görə də biz hakimiyyətin beynəlxlaq çağırışlarına hansısa formada cavab verməsini gözləyirik. Bu mənada hələ qərar qəbul etməmişik, ümidvarıq ki, çağırışlar nəzərə alınacaq”.

Meydan TV-nin əməkdaşı AXCP sədrinə “Media haqqqında” Qanunla bağlı oxşar beynəlxalq çağırışların olduğunu, lakin nəzərə alınmadığını xatırlayıb.

Bundan sonra Əli Kərimli suala qısa olaraq belə cavab verib:

“Əgər dediyiniz bədbin ssenari davam etsə, o zaman zəng edərsiniz, qərarımı deyərəm”.

Müsavat Partiyasının başqanı Arif Hacılı aqanunun mürtəce olduğunu deyib.

O bildirib ki, bu sənəd hakimiyyətin siyasi partiyalara nəzarətini gücləndirir:

“Avropa Şurası Venessiya Komissiyası da dəyişikliklərin Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bildirib. Beynəlxalq təşkilatlar hakimiyyətə qanun üzərində yeni dəyişikliklər etməyi təklif edib. Ona görə düşünürük ki, iyuna qədər beynəlxalq təşkilatların çağırışları, ölkə daxilindəki narazılıqlar iqtidarı dəyişikliklərə getməyə məcbur edəcək”.

Arif Hacılının sözlərinə görə, partiyanın üzvlərinin sayı müvafiq nazirliyin tələb etdiyindən dəfələrlə çoxdur:

“Hakimiyyətin sosial şəbəkələrə, mitinqlərə total nəzarətini nəzərə alsaq, partiya üzvlərinin şəxsi məlumatının Ədliyyə Nazirliyə təqdim etmək onlar üçün əlavə problemlər yarada bilər. Sənədlərlə bağlı hər hansı problem yoxdur, hamısı hazırdır. Ancaq sənədlərin hakimiyyətə təqdim olunub-olunmaması partiyanın strukturlarında müzakirə olunacaq, qəbul ediləcək qərara uyğun addım atılacaq. Hələ iyuna qədər vaxtımız var, ona qədər həmin dövrün siyasi şəraitinə uyğun qərar qəbul edəcəyik”.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

Ana səhifəSiyasətSiyasi partiyaların reyestri: AXCP və Müsavatdan reaksiya