close

Siyasi şərhçi Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub

Foto: Şahin Cəfərlinin şəxsi arxivi

Səbəb “Toplum TV” işidir

Siyasi şərhçi Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə o, “Turan” İnformasiya Agentliyinə danışıb.

Bildirib ki, qadağa “Toplum TV” İnternet kanalı ilə əməkdaşlığı ilə əlaqədar tətbiq edilib. Şahin Cəfərli “Toplum TV”-də proqram aparıcısı olub. Daha öncə Şahin Cəfərli Bakı Şəhər Baş Polis İdarəsində bu iş üzrə şahid qismində dindirilib.

Şahin Cəfərlinin ölkədən çıxış qadağası ilə bağlı dediklərinə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

2024-cü il martin 6-8 aralığında “Toplum TV” və Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib. Saxlanılanlar ittihamları rədd edir, həbslərini siyasi adlandırırlar.

Bundan əlavə, “Toplum TV” işi üzrə onlarla jurnalist və fəal dindirilib. Onların çoxunun ölkədən çıxışına qadağa qoyulub.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda 20-dək jurnalist və fəal eyni ittihamla həbs edilib. Bir sıra yerli hüquq müdafiə təşkilatları hesab edirlər ki, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var.

Azərbaycan Prezidenti də daxil olmaqla, rəsmi şəxslər insanların ölkədə fikrinə görə həbsini inkar edir. Həbs edilənlərin sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

Ana səhifəSiyasətSiyasi şərhçi Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyulub