close

SOCAR-ın Türkiyədəki binasına qırmızı boya atılıb

Aksiya. Foto: “cumhuriyet.com.tr” dən screenshot

Azərbaycan şirkətinə Türkiyə üzərindən İsrailə neft satdığı üçün etiraz edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyənin İstanbul şəhərində yerləşən ofisi önündə etiraz aksiyası olub.

Türkiyənin yerli mediası yazır ki, aksiyaçılar SOCAR binasına qırmızı boya atıb.

Etiraza səbəb isə SOCAR-ın Türkiyə üzərindən İsrailə neft tədarük etməsidir.

SOCAR-ın binası qarşısında aksiya keçirən “Min Gənc Fələstin Uğrunda” qrupu “biz bu torpaqların işğalını və soyqırımını qidalandıranların yaxasından yapışmışıq” deyiblər.
Etirazçılar SOCAR-ın İsraillə iqtisadi əlaqələrini “qanlı ticarət!” adlandırıb.

“Min Gənc Fələstin Uğrunda” qrupunun sosial media hesabından edilən açıqlamada deyilir:

“Qatil İsrail 9 aydır Fələstində soyqırım törətdiyi halda, Azərbaycan və Türkiyə milyonlarla barel nefti əl-ələ bu soyqırıma aparır”.

Hadisə ilə bağlı SOCAR hər hansı açıqlama verməyib.

Lakin Türkiyə polisinin aksiyasının 13 iştirakçısını saxladığı bildirilir.

Onlar əmlaka ziyan vurduqları və mülkiyyət toxunulmazlığını pozduqları üçün məhkəmə qarşısına çıxarılacaqlar.

Ana səhifəSiyasətSOCAR-ın Türkiyədəki binasına qırmızı boya atılıb