close

Allahın mizanı

Axirət günü. Foto: Liu zishan/shutterstock

Zərdüşt Əlizadə

Bəzən bu bədəl zalımın həyatında, bəzən isə ondan sonra verilir

İsa da, Məhəmməd də möminlərə fani dünyada elə yaşamağı məsləhət görürdülər ki, baqi dünyada bəd əməllərinə görə əbədi cəza çəkməsinlər.

İnanan inanır, çəkinən çəkinir, imansızlar, şəhvət və ehtiraslarının buyruğu ilə yaşayanlar ya axirət gününə yerli-dibli inanmadıqlarından, ya da yalnız beşgünlük dünyaya güvəndiklərindən, heç vaxt bəd əməllərinin cəzasını çəkəcəkləri barədə düşünmürlər.

Onlar Allahın baqi dünyadakı mizanına inanmırlar. Lakin fani dünyada da hər bir bəd əməlin cəzası olur. Sadəcə bəsit düşüncəli bəşər övladı çox zaman bu cəzanın səbəbini və rastlaşdığı nəticə ilə əlaqəsini dərk etməkdə aciz qalır.

ABŞ-ın 45-ci Prezidenti Donald Trampı Nyu-Yorkun rayon məhkəməsinin Andlılar şurası 34 qanun pozuntusunda müqəssir saymışdır. Hakim hələ öz hökmünü elan etməmişdir. Bütün məhkəmə boyu öz prezidentliyə namizədlik kampaniyasını (Tramp həm də 47-ci prezident olmağı arzulayır) aparmaq əvəzinə məhkəmə zalında əyləşib mühakimə tamaşasını seyr etməyə məcbur edilmiş sabiq prezident hər dəfə ağzını açıb özünü müdafiə etmək istəyəndə hakim onun sözünü kəsib ona yağlı bir cərimə kəsirdi.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Azərbaycan məhkəmələrindən narazı olan Qərb demokratiyası aşiqləri bu amerikan məhkəməsinə baxıb (İnternetdə var) azacıq da olsa təsəlli tapa bilərlər.

Andlılar şurasının qərarı elan edildikdən, yəni məhkəmə qurtarandan sonra, cənab Prezident Donald Tramp üzünü Amerika xalqına tutaraq ittiham nitqi söylədi. Bu nitqin geniş variantını oxumaq istəyənlər siyasi dustaq (daha döğrusu, hələlik saxlanılmış) Akif Qurbanovun külli-əhli-Azərbaycana müraciətlə yazdığı məktubunun mətnində tapa bilər. Yəni cənab Prezident Tramp amerikan məhkəməsini ABŞ-nin Prezidenti Baydenin siyasi sifarişi əsasında qərəzli ittiham irəli sürməkdə və ədalətsiz qərar verməkdə suçladı.

Dedi ki, (lap elə 1933-cü ildə Almaniya məhkəməsinə müraciətində kommunist Georgiy Dimitrov kimi), “tarix mənə bəraət verəcək”. Dedi ki, bu sifarişli məhkəməni quranların vicdanı yoxdur. Dedi ki, bu məhkəmə şəbədəsi sübut edir ki, burada ədalət yoxdur və ABŞ Konstitusiyası ayaq altındadır.

Cənab Prezident Tramp belə dedi, mən isə özüm-özümə dedim ki, “xeyr, cənab Tramp, bu məhkəmə sizin hələ anlamadığınız ədalətin mövcudluğunun sübutudur, bu məhkəmə hər hansı ədalətsizliyin axirət gününü gözləmədən, elə yer üzündə cəzasını tapacağını sübut edir”.
Nə üçün sizin həqir bəndəniz belə düşünür, mərhum Tofiq Qasımov demişkən, “elə indicə izah edim”.

Donald Tramp
Foto: arxiv

Donald Tramp dünyanın ən qüdrətli dövləti ABŞ-nin Prezidenti olanda qanun nədir, bilməzdi, məzlumların haqqını tapdalayardı, “ağa Nəzərəm, belə gəzərəm” deyərdi. Onun prezidentliyi dövründə ABŞ-ın işğalçı Ermənistana siyasi-maliyyə dəstəyi davam etdi. Tramp Yaxın Şərqdə məzlum və məğlub ərəb xalqlarının haqqını tapdalayıb sevimli təcavüzkar İsrail dövlətinə dəstəyi zirvəyə qaldırdı. Beynəlxalq qanun işğal edilmiş ərazinin ilhaqını işğalçı dövlətə yasaq edir. İsrail dövləti işğal etdiyi bir çox ərazini öz parlamentinin (knessetin) qərarı ilə ilhaq etmişdir, lakin dünyada heç kəs bu qanunsuz ilhaqı tanımamışdır. Yalnız cənab Prezident Donald Tramp ABŞ-ın səfarətini Tel-Əvivdən Yerusəlimə (Qüdsə) keçirmiş, Suriyanın 1967-ci ildə İsrail dövləti tərəfindən işğal edilmiş Culan təpələrini İsrail ərazisi kimi tanımışdır.

Bu zaman Prezident Tramp nə beynəlxalq hüququ, nə də məzlum və məğlub ərəb xalqlarının hüququnu yada salırdı. Cənab Tramp bu ədalətsiz qərarları verəndə yalnız öz istək və iradəsini əsas götürürdü. İndi isə xələfi, ABŞ-ın 46-cı Prezidenti  Cozef Robinet Baydenin sifarişi ilə onun hüquqları gözgörəsi tapdananda, Cənab Tramp qeyzlənir və ədalətdən, onun nə vaxtsa labüd qələbəsindən danışır.

Azərbaycanın ən yaxın tarixində bir qaçqın Prezidentə xalqın gözü önündə “bədbəxt” demiş bir siyasətçi gözləmədiyi bir anda özü siyasi mühacirə çevrildi. Barış və koalision hökumət təklif edən Prezidenti amansızlıqla devirmiş siyasi bir zümrə cəmi bir ildən sonra eyni amansızlıqla devrildi və ömürlük ayaqlar altına salındı.

Bu qəziyyə qanan məxluqa deyir ki, ədalətin zəfər çalması üçün axirət gününün gəlməsi zəruri deyil, hər hansı bir zülm törətmiş zalım öz əməlinin bədəlini elə fani dünyada da ala bilər. Sadəcə bu bədəli görmək və anlamaq lazımdır. Cənab Tramp anlaya bilmir ki, Nyu-York məhkəməsinin ədalətsiz qərarı, Prezident Trampın məzlum müsəlmanlara qarşı törətdiyi ədalətsizliyin fani dünyadakı bədəlidir.

Bəzən bu bədəl zalımın həyatında, bəzən isə ondan sonra verilir. Bəzən onun adına, mirasına və şəninə yetirilən zədə və ləkə şəklində zühur edir. SSRİ-nin qüdrətli hakimi, saysız ədalətsiz əməlin sahibi Stalinin adı onun ətrafına topladığı qulbeçələri tərəfindən qaralandı, oğlu Vasiliy və qızı Svetlana bədbəxt oldu. Çox haqsızlıq törətmiş Xruşşovun övladı ölkədən qaçıb onun daim hədələdiyi ABŞ-a sığınmalı oldu. Qərb dövlətlərini imperializmdə günahlandıran SSRİ tarixə nümunəvi imperialist dövlət kimi düşdü. Müasir zəmanədə erməni separatçılarına aşkar dəstək verən Fransa öz ərazisi saydığı departamentlərin əhalisinin separatizmi ilə üzləşib.

Azərbaycanın ən yaxın tarixində bir qaçqın Prezidentə xalqın gözü önündə “bədbəxt” demiş bir siyasətçi gözləmədiyi bir anda özü siyasi mühacirə çevrildi. Barış və koalision hökumət təklif edən Prezidenti amansızlıqla devirmiş siyasi bir zümrə cəmi bir ildən sonra eyni amansızlıqla devrildi və ömürlük ayaqlar altına salındı.

Mən hələ nə qədər ayağının altını görmədən fironluq edən, məzlumların haqqını basan azğın məmurun gözləmədiyi halda ciddi cəzaya məruz qaldığını, haram yığdığı sərvətin burnundan töküldüyünü yada salmıram.

Özü də, diqqət yetirin, zalımın cəzası, ədalətsizliyin bədəli, axirət günü yetişmədən verilir. İndi təsəvvürünüzə gətirə bilərsizmi, axirət günü yetişəndə nə baş verəcək?

Ana səhifəMənim FikrimcəAllahın mizanı