close

Sosial media meneceri də “AbzasMedia” ilə bağlı ifadə verib

Leyla Ağayeva, foto: şəxsi facebook səhifəsi

Şahidlər iltizama qol çəkdiyindən ətraflı açıqlama vermirlər

Dekabrın 6-da sosial media meneceri Leyla Ağayeva “AbzasMedia”nın işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Leyla Ağayeva şahid qismində ifadə verib. Bir gün öncə jurnalist Şəmistan Həziyev də “AbzasMedia” işi ilə bağlı BŞBPİ-də şahid qismində dindirilib. O, dindirilmə sonrası jurnalistlərə bildirib ki, istintaqla bağlı ona suallar verilib, o da cavablayıb.

Jurnalist istintaq sirri ilə bağlı iltizama qol çəkdiyindən detallı açıqlama verməyib. Yalnız onu deyib ki, əsasən, “AbzasMedia” işi ilə bağlı suallar verilib”. Noyabrın 30-da jurnalist Nərgiz Absalamova da Bakı Şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “AbzasMedia”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib. Bir gün öncə isə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb. Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının “AbzasMedia”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib.

Həbs edilən jurnalistlər onlara qarşı ittihamı qəbul etmir və bunun “AbzasMedia”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Ana səhifəXəbərlərSosial media meneceri də “AbzasMedia” ilə bağlı ifadə verib