close

İlhamiz Quliyevlə bağlı həbs-qətimkan tədbiri seçilib

İlhamiz Quliyev. Foto: Şəxsi arxivindən

Hüquq müdafiəçisi məhkəmədə işgəncəyə məruz qaldığını deyib

İki gün əvvəl saxlanılan hüquq müdafiəçisi İlhamiz Quliyev haqqında dekabrın 6-da həbs qərarı verilib. Yasamal Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İlhamiz Quliyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Məhkəmədə İlhamiz Quliyev bu ittihamın saxta olduğunu, şərlənərək həbs edildiyini bildirib. O, işgəncəyə məruz qaldığını da hakimin nəzərinə çatdırıb.

Vəkili Zibeydə Sadıqova da çıxışında ittihamın əsassız olduğunu bildirib. Vəkilin sözlərinə görə, saxlandıqdan sonra onun yeri barədə ailə üzvlərinə məlumat verilməyib, pis rəftara məruz qalıb və bir sıra başqa hüquqları pozulub. Vəkil vurğulayıb ki, İlhamiz Quliyevi həbsdə saxlamadan da istintaq aparıla bilər. Yəni onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün əsas yoxdur.

Müstəntiq isə həbs qətimkan tədbiri haqda prokurorun məhkəməyə verdiyi təqdimatı müdafiə edib. Deyib ki, azadlıqda qalarsa, istintaqdan yayınmaq ehtimalı var.

Qısa müşavirədən sonra hakim təqdimatın təmin olunduğunu və İlhamiz Quliyev haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçildiyini elan edib.

Zibeydə Sadıqova. Foto: “Əkinçi”

Vəkil Zibeydə Sadıqova bu qərardan apelyasiya şikayəti verəcək.

İlhamiz Quliyevin yaxınları onun “AbzasMedia”ya müsahibəsinə görə cəzalandırıldığını deyir.

Keçmiş polis əməkdaşı olan İlhamiz Quliyev “AbzasMedia”ya müsahibəsində polislərin vətəndaşları narkotiklə necə şərləməsindən danışıb, qeydiyyata alınmayan narkotiklərin bu məqsədlə istifadə olunduğunu deyib. Müsahibədə onun adı çəkilməsə də, üzü görünməsə də, İlhamiz Quliyev olduğu müəyyənləşdirilib və bir həftə sonra onun özünü həbs eləyiblər. Bu, oktyabrda baş verib.

İlhamiz Quliyev həmin vaxt 30 günlük həbs olunmuşdu. Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilmişdi.

Hüquq müdafiəçisi həbsdən buraxılsa da, telefonu qaytarılmayıb.

İki aydır ki, İlhamizin telefonu qanunsuz olaraq polislərdə saxlanılırdı. İnzibati həbsdən çıxandan sonra telefonu ona verilmirdi. “AbzasMedia”ya qarşı repressiyalar başlayandan sonra aktiv şəkildə onu izləməyə başladılar və həbs olundu. İlhamiz heç vaxt metanfitamin nə istifadə edib, nə də satıb. Onun cibinə maddəni polis şöbəsində qoyublar. Polis özbaşınalığı haqqında məlumat verdiyi üçün şərlənir”, – həyat yoldaşı Aygül Cəfərovanın sözləridir.

Foto: Aygül Cəfərovanın şəxsi arxivindən

Yaxınları deyir ki, İlhamiz Quliyev şərlənərək həbs oluna biləcəyi ehtimalını nəzərə alaraq, bugünlərdə Narkoloji Mərkəzə gedərək, oradan narkotik istifadəçisi olmaması haqda arayış alıb.

Hüquq müdafiəçisi noyabrın 25-də Gürcüstana gedərkən hava limanında ona ölkədən çıxışına məhdudiyyət qoyulduğu haqda məlumat verilib və buraxılmayıb.

Ailə üzvləri bildirir ki, İlhamiz Quliyev dekabrın 4-də Yasamal rayonu ərazisində evindən çıxarkən blokda mülki geyimlilər onu saxlayıb və zorakılıqla onu maşına mindirib aparıblar. Yaxınları onun hara aparıldığı haqda 3 saat ərzində məlumat ala bilmədiklərini, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına şikayətlərin də nəticəsiz qaldığını deyirlər. Təxminən 3 saatdan sonra qısa telefon zəngilə Yasamal rayonu, 28-ci polis bölməsində olduğunu və onu narkotiklə şərləməyə çalışdıqlarını xəbər verib:
Halbuki, biz 28-ci bölmədən soruşmuşduq, orada olmadığını demişdilər”.

Hazırda Azərbaycanda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, tənqidi çıxışlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edir.

Ana səhifəSiyasətİlhamiz Quliyevlə bağlı həbs-qətimkan tədbiri seçilib