close

Söyüdlü sakini: “Mən heç vaxt narkotik görməmişdim”

Söyüdlü kəndi, Fotolar: Meydan TV

“Zəng eləyən nömrəni axtarışa verəndə oradan bildim ki, DTX işçisidir”

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də yerli sakinlərin keçirdiyi etiraz aksiyası zamanı qaldırdıqları plakatları hazırlayan, aksiyadan bir gün sonra narkotik ittihamıyla həbs olunan Coşqun Musayevin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baxılır.

1980-ci il təvəllüdlü Coşqun Musayev Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

İttihama əsasən, Coşqun Musayev iyunun 22-də Bakıda saxlanılıb və cibindən narkotik maddə (metamfetamin) çıxıb.

Coşqun Musayev özünü təqsirli bilmir. O, dekabrın 6-da məhkəmədə ifadə verərkən deyib ki, Söyüdlü hadisələrindəki plakatları hazırladığına görə onu narkotiklə şərləyərək cəzalandırıblar. Onun sözlərinə görə, ittiham aktında yazılanlar doğru deyil, onu Gəncədə saxlayıb, əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbəsinə aparıblar. Oradan da Bakıya – Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər.

Söyüdlü sakini necə saxlanması haqda danışarkən bildirib ki, iyunun 21-də Gəncədə bazardan inşaat materialları alanda ona zəng gəlib. Zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edib. Deyib ki, onun satdığı telefonla bağlı problem yaranıb, oğurluq olduğu məlum olub. Bu səbəbdən onunla görüşməlidilər:

“Mən telefon alqı-satqısı və təmiri ilə məşğul idim. Əvvəl də telefonla bağlı nəsə problem olanda şöbəyə çağırırdılar. Bu dəfə zəng eləyən adamın özünün gəlib mənimlə görüşmək istəməsi şübhəli gəldi. Zəng eləyən nömrəni axtarışa verəndə oradan bildim ki, DTX işçisidir. Qəribə göründü ki, DTX niyə telefon oğurluğunu araşdırır? Yoldaşıma dedim ki, sən get evə, axşam gəlməsəm, atama, “102”yə xəbər verərsən. Dərhal gəlib məni olduğum yerdən götürdülər”.

Coşqun Musayev bildirir ki, ona DTX-nın Gəncə şöbəsində etiraz aksiyası barədə suallar veriblər. Təxminən 1 saat sonra onu orada saxlayıblar, amma ailə üzvlərilə əlaqə saxlamasına icazə verməyiblər. Daha sonra 3 nəfər mülki geyimli şəxslə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər.

Gecə orada saxlandığını deyən Söyüdlü sakininin sözlərinə görə, ertəsi gün səhər saatlarında idarənin 3 nəfər əməkdaşı onu Bakıda parklardan birinə aparıb.

“Dedilər ki, “mitinqlə əlaqəli bir nəfər var, görək səni üzdən tanıyırmı?” Guya məni buraxacaqdılar, onlara lazım olan həmin adam imiş. Mən də inandım. Parkda dedikləri kimi oturmuşdum, gördüm ki, kənardan şəklimi çəkirlər. Onda başa düşmədim ki, bu nədir? Sonra idarəyə qaytardılar, qabağıma bükülü bir şey qoydular, dedilər ki, “bunu götür qoy cibinə”. Mən ümumiyyətlə, heç vaxt narkotik görməmişdim. Əvvəl götürmürdüm, sonra fikirləşdim ki, hirslənib sumka ilə qoyarlar, bədbəxt olaram”.

Coşqun Musayev deyir ki, DTX-nın Gəncə şöbəsində olanda da, Bakıya gətiriləndən sonra Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində də onun üstünü yoxlamışdılar. Heç nə çıxmamışdı.

Coşqun Musayev prokurorun suallarını cavablandırarkən istintaq zamanı etirafedici ifadəyə imza atması, video qarşısında narkotikin özünə məxsus olması barədə dediklərini belə izah edib:

Videoçəkilişdən əvvəl mənə öyrətdilər ki, 50 manata şəxsi istifadə üçün aldığımı, əməlimdən peşman olduğumu deyim. Məni döyməyiblər. Amma təzyiq ediblər. İbrahim müəllim deyirdi ki, “burada qəhrəmanlıq eləməyin yeri yoxdur, 10 kilo qoyarlar, bədbəxt olarsan”.

O, Söyüdlüdə qaldırılan plakatların hazırlanmasından da danışıb. O bildirib ki, Söyüdlü hadisələrindən əvvəl də plakat hazırlamaqla məşğul olub:

Kəndimizin şəhidlərinin plakatlarını da düzəldirdim. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində həlak olan nə qədər şəhidlərimizin plakatlarını düzəltmişəm. Mən alimlərin, elm adamlarının da plakatlarını hazırlamışam. Söyüdlünün tarixi haqda plakat düzəltmişəm. May ayında kənddə söhbət yarandı ki, qızıl zavodu Söyüdlüdə ikinci zəhərli gölü yaradır. İnsanlar da oradakı zəhərin suyu çirkləndirməsinə, mal-qaranın qırılmasına, ağacların qurumasına görə narahat idilər. Ona görə dedilər ki, zəhərli gölün ağaclara, suya təsiri barədə plakatlar hazırlayım, gölün ətrafındakı məftillərə vursunlar.  Adamlar hər gün şirkətin işçilərinə iradlarını deyirdilər”.

Coşqun Musayev əlavə edib ki, Söyüdlü etirazlarına görə ondan başqa sakinlərə də narkotik ittihamı verilib.

Coşqun Musayevin məhkəməsi yanvarın 17-də davam edəcək.

Ana səhifəSiyasətSöyüdlü sakini: “Mən heç vaxt narkotik görməmişdim”