close

“Sübut elədilər ki, onlar üçün məhkəmə qərarı mənasız kağız parçasıdır”

Gəncə Şəhər Baş Polis İdarəsi. Foto: DİN

Gəncədə hakim şəxsin məhkəmə zalında həbsdən buraxılması haqda qərar çıxarsa da, bu qərarın icrasına imkan verilməyib

Gəncə şəhər sakini Nicat Aslanın məhkəmə zalında həbsdən buraxılmasına qərar verilsə də, hakimin bu qərarı kağız üzərində qalıb. Onu heç məhkəmə binasından çıxmağa qoymayıblar. Bu barədə Meydan TV-yə danışan yaxınları bildirib ki, hadisə Gəncə Şəhər Məhkəməsində yaşanıb:

“Nicatın başına gələnlər göstərdi ki, polislər üçün məhkəmə qərarı mənasız kağız parçasıdır. Bunu özləri sübut elədilər. Yoxsa məhkəmənin azad elədiyi adamın başına bu işlər gələ bilməzdi…”.

Müstəntiq və prokuror həbs qərarı istəyib, hakim təqdimatı rədd eləyib

Yaxınları deyir ki, Nicat Aslanın 28 yaşı var, ali təhsillidir. Onu dekabrın 7-də Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tutub. Ona Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib. Müstəntiq onun istintaq gedən müddətdə həbsdə saxlanması üçün vəsatət verib. Müstəntiqin vəsatəti və prokurorun bu barədə təqdimatına Gəncə Şəhər Məhkəməsində baxılıb.

Təqsirləndirilən şəxsin özünü, vəkilini, eləcə də müstəntiqi dinləyəndən sonra hakim Liza Xanməmmədova qərar verib ki, istintaq orqanının təqdimatı təmin olunmasın – həbs qətimkan tədbiri seçilməsin.

Hakimin qərarına əsasən, Nicat Aslan barəsində ilkin istintaq dövrü üçün 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. İki gündür saxlanılan Nicat Aslanın elə məhkəmə zalında buraxılmasına qərar verilib.

“Nicatı məhkəmədən oğurlayıb apardılar”

Yaxınlarının sözlərinə görə, məhkəmənin binası qarşısında dayanıb, Nicatın çıxmasını gözləsələr də, onu buraxmayıblar:

Onu polis idarəsindəki saxlama yerindən gətirənlər məhkəmə binasından çıxmağa qoymayıblar. Məhkəmənin zirzəmisində dustaqların saxlandığı yerə düşürüblər. Nə qədər gözləsək də, çıxmadı. Bir az sonra məhkəmənin qarşısına ağ rəngli bir “Mercedes” maşın gəldi, nömrəsi də 90-AP-424 idi. Onun içindən iki nəfər düşüb, tələsik məhkəmə binasına getdilər. Bu avtomobilin polis maşını olduğunu bildik. Amma içindən düşənlərin əynində forma yox idi. Onların gəlişindən bir az keçəndən sonra dustaqları aparıb-gətirən maşın çıxdı. O iki nəfər də qayıdıb, dustaq maşınının arxasınca getdilər. Beləliklə, Nicatı məhkəmədən oğurlayıb apardılar. Bunun başqa adı yoxdur”.

Apelyasiya məhkəmənin hakimi “hə” deyib

Nicat Aslanın vəkili onun yerini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Ombudsman Aparatına, Baş Prokurorluğa müraciət edib, bu qurumları Gəncə Şəhər Məhkəməsində yaşananlar haqda məlumatlandırıb. Lakin iki gün ərzində bu müraciətlər nəticə verməyib.

Nicat Aslan bir də Gəncə Apelyasiya Məhkəməsində ortaya çıxarılıb. Məlum olub ki, onun haqqında ev dustaqlığı qərarından istintaq orqanı apelyasiya şikayəti verib. Bu qərarın ləğvi, onun haqqında həbs qətimkan tədbiri seçilməsi istənilib.

Gəncə Apelyasiya Məhkəməsi. Foto: “gancapost.info/”

Bu işə Gəncə Apelyasiya Məhkəməsində hakim Rafiq Cəfərov baxıb. O, aşağı instansiya məhkəməsinin qərarını ləğv edib, onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib:

Apelyasiya məhkəməsində vəkil baş verən qanunsuzluqların hamısını deyib. Təəssüf ki, əhəmiyyət verilməyib. Onların dediklərinə əməl edib, istədikləri qərarı verib”.

Polislərin məhkəmə qərarını icra etməməsi, həbsdən buraxılmış şəxsin məhkəmə binasından çıxmasına imkan verilməməsi, onun qanunsuz götürülüb aparılması haqda yaxınlarının iddialarıyla əlaqədar Meydan TV Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu göndərib. Lakin bu qurumdan iddialara münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgə“Sübut elədilər ki, onlar üçün məhkəmə qərarı mənasız kağız parçasıdır”