close

Taxıl növləri üzrə dünya ixrac qiymətlərində azalma qeydə alınıb

Buğda, un, çörək, Shebeko/Shutterstock

Ekspert deyir ki, dünya bazarında buğda ucuzlaşsa da, Azərbaycanda çörək məmulatlarının qiyməti artır

Azərbaycanın 26 rayonunda dənli və dənli paxlalı bitkilərin biçini tam başa çatıb. Təkcə, qarğıdalı qalıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında (https://www.stat.gov.az/news/index.php?lang=az&id=5976) belə deyilir.

Ölkə üzrə 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilib. Sahələrdən 2937,3 min ton məhsul toplanmış, məhsuldarlıq 30 sentnerə bərabər olub. Məhsulun 1680,3 min tonunu və yaxud 57,2 faizini buğda, 1227,4 min tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1,0 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Turan” İnformasiya Agentliyində yazır ki, iyul üçün FAO Taxıl Qiyməti İndeksinin orta göstəricisi iyun göstəricisindən 3,8 faiz, 2023-cü ilin iyul ayından isə 12,0 faiz aşağı olub. Ötən ayla müqayisədə bütün əsas taxıl növləri üzrə dünya ixrac qiymətlərində azalma qeydə alınıb. Bu tendensiya artıq ikinci aydır ki, müşahidə olunur. FAO hesab edir ki, payızlıq buğda yığımının davam etdiyi Şimal yarımkürəsində mövsümi tədarükün artması, Kanada və ABŞ-da ümumilikdə əlverişli hava şəraiti və bununla bağlı bol yazlıq buğda məhsulu gözləntiləri də dünyada buğdanın qiymətinin aşağı düşməsinə səbəb olub:

Təşkilatın yaydığı hesabatda bildirilir ki, dünyada buğdanın qiymətinin aşağı düşməsinə səbəb həm də ixracatçılar arasında gərgin rəqabət və dünya bazarlarında tələbatın azalması olub. Dünyada qarğıdalının da ixrac qiymətləri mövsümi amillərlə əlaqədar olaraq aşağı düşüb. Əvvəlki aya nisbətən iyul ayında arpa, sorqo və düyü də ucuzlaşıb. FAO-nun Düyü Qiymətləri İndeksi iyulda 2,4 faiz aşağı düşüb”, – mütəxəssis yazıb.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

Azərbaycana gəlincə, Vahid Məhərrəmli bildirir ki, Azərbaycanın ən çox taxıl, o cümlədən buğda idxal etdiyi Rusiyada bu il taxıl istehsalının azalacağı ilə bağlı proqnozlar verilir:

Onu da qeyd etməliyəm ki, bu il Rusiyada dənli və paxlalı bitkilərin əkin sahələri 2023-cü ilə nisbətən 1,87 milyon hektar (2023-cü ildə-48 milyon hek. 2024-cü ildə-46,13 milyon hek) azalıb”.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2024-cü ildə taxıl yığımının 132 milyon ton olacağını proqnozlaşdırır.
Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutu isə 2024-cü ildə taxıl istehsalını 129,5 milyon ton, o cümlədən buğda istehsalını 83,8 milyon ton olacağını proqnozlaşdırır.

“SovEkon” Analitik Mərkəzi 2024-cü ildə buğda yığımınını 82,9 milyon ton nəzərdə tutur. Qiymət İndeksi Mərkəzinin analitiklərin rüblük sorğusu əsasında hazırladığı hesabata bildirilir ki, bu il taxıl yığımı 128,8 milyon ton, o cümlədən, buğda yığımı 82,5 milyon ton ola bilər.

“ProZerno” Analitik Şirkəti (128 milyon ton taxıl, o cümlədən 82,5 milyon ton buğda) və Rusiya Taxıl İttifaqının (129 milyon ton taxıl, o cümlədən 82,7 milyon ton buğda) təxminən eyni səviyyədə taxıl yığacağını proqnozlaşdırır.

Vahid Məhərrəmli bildirir ki, verilən proqnozlar Rusiyada 2024-cü ildə əvvəlki ilə nisbətən taxıl istehsalının 16 milyon ton, o cümlədən buğda istehsalının 10 milyon ton azala biləcəyini göstərir.

“Son iki ayda dünya bazarında buğdanın qiyməti ciddi şəkildə aşağı düşdüyü halda, Azərbaycanda üç aydır ki, çörək, çörək məmulatları və yarmaların qiymətləri artmaqda davam edir”.

Ana səhifəİqtisadiyyatTaxıl növləri üzrə dünya ixrac qiymətlərində azalma qeydə alınıb