close

ABŞ-dan AXCP sədrinə qarşı təzyiqlərə reaksiya

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Səfir Əli Kərimli ilə görüşüb, Dövlət Departamenti narahatlığını ifadə edib

Avqustun 14-də ABŞ Dövlət Departamenti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Azərbaycanda təqib olunması ilə bağlı hadisəyə münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü  “Turan”a deyib ki, ABŞ vətəndaş cəmiyyətinə və siyasi müxalifət üzvlərinə qarşı davam edən repressiyalardan dərin narahatdır:

“İfadə azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər təzyiqə məruz qalmamalıdır”.

Avqustun 14-də ABŞ-nin Azərbaycandakı səfiri səfir Mark Libby də AXCP sədri Əli Kərimli ilə görüşüb.

Foto: ABŞ səfirliyi

Bu barədə səfirlik rəsmi məlumat yayıb.

Bildirilir ki, amerikalı diplomat görüş zamanı Əli Kərimliyə qarşı açılan cinayət işi barədə məlumat alıb:

“Səfir Mark Libby ABŞ-nin demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha vurğulayıb”.

Əli Kərimlini kim məhkəməyə verib?

Avqustun 9-da AXCP-nin keçmiş üzvü Aydın Əliyev partiya sədri Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Məlumata görə, avqustun 13-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin şikayətinə baxılacaq.

Aydın Əliyevin iddiası əsasında ötən ay Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv etmişdi.

Avqustun 13-də Nərimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə məlum olub ki, Aydın Əliyev bir gün əvvəl şikayətinə əlavə göndərib.

Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev bildirib ki, şikayətə əlavə onlara təqdim edilməyib, bu üzdən orada yazılanlardan xəbərsizdilər.

Hakim onlara əlavəni də təqdim edib.

1961-ci il təvəllüdlü Aydın Əliyev şikayətinin icraata götürülərək baxılmasını, Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 maddəsilə təqsirli bilinib, 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Babək Pənahov Aydın Əliyevə vaxt verib ki, iddia ərizəsilə bağlı dəqiqləşdirmələr aparsın, lazım olan məlumatlar tapılıb əlavə olunsun.

Həmçinin yaddaş kartında Əli Kərimlinin çıxışlarından ibarət görüntülər diskə köçürülərək, məhkəməyə təqdim olunsun.

Məhkəmənin hazırlıq iclası avqustun 19-da davam edəcək.

Ana səhifəSiyasətABŞ-dan AXCP sədrinə qarşı təzyiqlərə reaksiya