close

ABŞ: ““Titanik” gəmisinin qalıqları ətrafında səslər aşkarlanıb”

Foto: Reuters

Sualtı gəmidə oksigen tədarükünün 24 saata bitəcəyi gözlənilir

İyulun 21-də səhər saatlarında ABŞ Sahil Mühafizəsi Xidməti bildirib ki, axtarış qrupları Şimali Atlantikada “Titanik” gəmisinin qalıqları ətrafında səslər aşkarlayıb.

İyunun 18-də “Titanik” gəmisinin qalıqlarına baxmaq üçün təşkil olunmuş turist səyahətini həyata keçirən sualtı gəmi yoxa çıxıb.

Göyərtəsində 5 nəfər turist olan gəmi ilə əlaqə kəsilib.

Günlərdir həmin gəminin axtarışı həyata keçirilir.

Bu gün səs qurğularına müxtəlif səslər ilişib.

Rəsmilər bildirir ki, gəminin oksigen tədarükünün bitməsinə cəmi 24 saat qalıb.

ABŞ Sahil Mühafizəsi Xidməti “Twitter”də bildirib ki, robotlaşdırılmış sualtı axtarış əməliyyatları səslərin göründüyü əraziyə yönəldilib, lakin itən gəmini tapa bilməyiblər.

ABŞ-da yerləşən “OceanGate Expeditions” tərəfindən idarə olunan 21 fut uzunluğundakı sualtı “Titan” gəmisi iyunun 18-də səhər saatlarında dünyanın ən böyük gəmisinin olduğu yerə iki saatlıq dalış edib.

Bundan təxminən bir saat 45 dəqiqə sonra onun əsas gəmi ilə əlaqəsi kəsilib.

Həmin mini gəmi 96 saat su altında qala bilər.

Qalıqlarına tur təşkil edilən “Titanik” gəmisi 1912-ci il aprelin 14-nə keçən gecə ilk səfəri zamanı aysberqə çırpılıb və ertəsi səhər batıb.

Britaniyanın okean layneri olan “Titanik” gəmisinin qalıqları səthin təxminən 12500 fut (3810 metr) altında – təxminən 900 mil (1450) dərinlikdədir.

ABŞ Sahil Mühafizəsinin kapitanı Ceymi Frederik axtarışın üçüncü günü mətbuat konfransında jurnalistlərə bildirib ki, iyunun 20-də ABŞ Sahil Mühafizəsi, ABŞ Hərbi Dəniz Qüvvələri və Kanada silahlı qüvvələrinin təyyarələri və gəmiləri Şimali Atlantikanın 7600 kvadrat mildən çox ərazisində axtarış ediblər. Lakin itən gəmidən bir iz tapa bilməyiblər.

Adambaşına 250 min dollara başa gələn turist ekspedisiyası üçün “Titan”ın göyərtəsində olanlar arasında britaniyalı milyarder 58 yaşlı Həmiş Hardinq və Pakistan əsilli iş adamı 48 yaşlı Şahzada Davud və hər ikisi Britaniya vətəndaşı olan 19 yaşlı oğlu Suleman da var.

Gəmidə 77 yaşlı fransız kəşfiyyatçı Paul-Henri Nargeolet və “OceanGate Expeditions” şirkətinin qurucusu və baş direktoru Stokton Raşın da olduğu bildirilir.

Ana səhifəDünyaABŞ: ““Titanik” gəmisinin qalıqları ətrafında səslər aşkarlanıb”