close

“Tələblər qoyulanda əhalinin vəziyyəti də nəzərə alınmalıdır”

Qaz sayğacı. Foto: “Azəriqaz”,

“Azəriqaz” mənzillərdə texniki baxış keçirəcək

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhərində evlərdə və mənzillərdə texniki baxış keçirir. Bəzi binaların girişində bununla bağlı xəbərdarlıq vərəqələri də vurulub. Bildirilir ki, mətbəxdə, hamamda nöqsanlar aşkarlanarsa, 30 gün ərzində aradan qaldırılmasa, qaz verilişi dayandırılacaq.

Bu məsələ bəzi sakinlərin narazılığına da səbəb olub. Onlar deyirlər ki, təmirli evlərdə qaz xəttinin divar boyu açıq çəkilməsi, eləcə də hamamla bağlı tələblər var. Əgər hansısa mənzildə bu qaydalara əməl olunmayıbsa, o zaman vətəndaş xərc çəkməli, yenidən xətti qaydalara uyğunlaşdırmalıdır.

Sakinlərdən Eldar Abbasov bildirib ki, ona hamamda dəyişiklik etməsi tapşırılıb, halbuki ev alarkən hamam belə olub:

“Onsuz da qaz pulunu güclə ödəyirəm, təmir aparmağa imkanım çatmır. Tələblər qoyulanda əhalinin vəziyyətini də nəzərə almaq lazımdır. Biri evini təmir edib, qaz borusu sayğaca qədər evin içi ilə keçməlidir. Birinin də hamamı şəraitsizlikdən tələblərə uyğun deyil, nə etməlidir? Bununla guya təhlükənin qarşısı alınır, bəs indiyə kimi niyə yada düşmürdü? Bu da cərimənin yeni variantıdır”.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, İstehsalat Birliyi indiyədək mənzillərə baxış keçirə bilməyib. Yalnız sayğacaqədər olan məsafəyə məsul qurum olub. Bundan sonra isə “Azəriqaz” mənzillərdə, fərdi yaşayış evlərində texniki baxışın keçirilməsi prosesinə başlayacaq.

“Milli Məclis qaz təsərrüfatına aid qanuna əlavə və dəyişikliyi təsdiqləyib. Həmin əlavə və dəyişiklik Prezidentin fərmanı ilə təsdiqlənib və Nazirlər Kabinetinə bu qaydalardan irəli gələn məsələlərin tənzimlənməsi tapşırığı verilib”, – Vəliyev bildirib.

Mənbə: Azəriqaz

Eldəniz Vəliyev deyib ki, qaydalar müəyyənləşdiriləndən və SOCAR “Azəriqaz” İstehsalat Birliyinə təqdim ediləndən sonra mənzillərdə, fərdi yaşayış evlərində texniki baxışın keçirilməsi prosesinə başlanacaq.

Texniki müayinələr zamanı mənzillərdə, evlərdə texniki şərtlərin uyğun olub-olmadığı, istilik qızdırıcılarının texniki şərtlərdən kənara çıxmalar, tüstü bacalarının təmizlənib-təmizlənmədiyi, havalandırma sisteminin olub-olmaması və digər proseslər təftiş ediləcək.

Təftişin nəticəsi olaraq akt tərtib olunacaq. Aktın bir nüsxəsi abonentə təqdim olunacaq, bir nüsxəsi bizdə qalacaq. Abonentə vaxt veriləcək, qaydadan kənara çıxıblarsa, öz vəsaitləri hesabına texniki şərtlərə uyğunlaşdıracaqlar.

“Birlik olaraq xətti qaydalara uyğunlaşdırmayan abonentlərə qarş hansısa tədbirlərin görülməsi məcburiyyətində qalacağıq”, – Vəliyev söyləyib.

Ana səhifəSosial“Tələblər qoyulanda əhalinin vəziyyəti də nəzərə alınmalıdır”