close

“Tərtər işi” məhkəmə prosesinin biri yekunlaşdı: Zərərçəkənlər də, təqsirləndirilənlər də hökmdən narazıdır

“Tərtər işi”. Foto: Meydan TV

Hərbi qulluqçular müxtəlif cəzalar aldı

2017-ci ildə Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrə görə keçirilən məhkəmə proseslərindən biri yekunlaşıb. İşgəncələrdə ittiham olunan 4 nəfərə noyabrın 29-da Sumqayıt Məhkəmə Kompleksində hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmüylə Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi, polkovnik Rəşid Niftəliyevin hər birinə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Onlarla birlikdə iki nəfər müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçu da mühakimə olunurdu. Onlardan Ramil Qarayevə də eyni cəza kəsilib – 5 il 6 ay.

Digər hərbi qulluqçu Rüstəm Ələsgərov isə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər də, zərərçəkənlər də hökmdən narazı qalıb.

Təqsirləndirilən şəxslər məhkəmədən bəraət istəmişdilər.

Zərərçəkmişlər isə ədalətli məhkəmə araşdırması aparılmadığını deyir.

Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar) və 341-ci (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham olunur.

Rüstəm Ələsgərova isə bunlarla yanaşı, həm də Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 126.3 (bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə də ittiham verilib.

Lakin o, ölüm hadisələrinə aidiyyəti olmadığını, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini bildirir. Onun sözlərinə görə, Tərtər işgəncələri başlayanda kəşfiyyat bölüyünün hərbi qulluqçularını hadisələrin cərəyan etdiyi binanın mühafizəsi üçün gətiriblər. O da 5 gün ərzində həmin binanın mühafizəsində olub. O vurğulayıb ki, əsl cinayətkarları məsuliyyətdən kənarda saxlayıb, onun kimi kimsəsizləri “gözdən pərdə asmaq üçün” cəzalandırırlar.

Polkovnik Vüsal Ələsgərov da bildirib ki, əgər onları mütəşəkkil cinayətkar dəstənin üzvü kimi mühakimə edirlərsə, o zaman dəstənin başçıları, Tərtər hadisələrinə göstəriş verənlər də cəzalandırılmalıdır.

Zərərçəkmişlər iddia edir ki, bu məhkəmə sadəcə, onları sakitləşdirmək, Tərtər işgəncələrinin araşdırılması görüntüsü yaratmaq məqsədi daşıyırdı.

Tərtərdə işgəncə nəticəsində həyatını itirən hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova məhkəmə prosesinin ədalətsiz keçirildiyini, cinayətə rəhbərlik edən şəxslərin məsuliyyətdən kənarda saxlandığını bildirib. Onun sözlərinə görə, zərərçəkmişlər həqiqətin üzə çıxması, o cümlədən Müdafiə naziri, Baş Qərargah rəisi, Hərbi prokuror, onun müavini və digər yüksək vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə çoxsaylı vəsatətlər verib. Lakin onların heç biri təmin olunmayıb.

Ana səhifəSosial“Tərtər işi” məhkəmə prosesinin biri yekunlaşdı: Zərərçəkənlər də, təqsirləndirilənlər də hökmdən narazıdır