close

Banklara qoyulan əmanətlərin həcmi azalır, hökumət vergilərdə güzəştə hazırlaşır

Source:

Çünki azalmanın əsas səbəbi fevraldan bəri depozit faizinə tətbiq edilən vergidir

Azərbaycan bankları noyabra əmanət portfellərində azalma ilə daxil olublar. Son bir ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb.

İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, bu, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalma deməkdir.

Səbəblər

Vüqar Bayramov
Foto: Meydan TV

Səbəblərinə gəlincə, Vüqar Bayramov bildirir ki, səbəb müxtəlifdir. Məsələn, əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması da təsir göstərib. Lakin depozit məbləğlərində dövrü aylıq enişlər bu ilin fevralından müşahidə edilir:

“Yəni burada banklardakı depozit gəlirlərinin fevraldan etibarən vergiyə cəlb edilməsinin də rolu var. Lakin xərcləmələr və eləcə də, real sektora sərmayələr, mövsumi faktorlar da öz təsirlərini saxlayır”.

Nə baş verib?

2023-cü il fevralın 1-də depozit gəlirlərinə tətbiq edilən vergi güzəştinin müddəti başa çatıb. Hökumət qərarın müddətini uzatmayıb. Nəticədə, vətəndaşlar fevraldan bəri banklardakı vəsaitlərinə görə qazandıqları faiz gəlirlərindən 10 faiz gəlir vergisi ödəməli olub.

40 yaşlı Nüşabə Məmmədova (ad şərtidir) tələbə vaxtından işləyir. Deyir, heç vaxt işə marağı olmayıb, həmişə gənc yaşda pensiyaya çıxmağı arzulayıb. Odur ki, ilk gündən bədxərclik etmədən, əlinə gələn pulun böyük hissəsini yığıb. Deyir, şəhərin mərkəzində kiçik, ofis üçün istifadəyə yarayan obyekt alıb, orada özünə birotaqlı mənzil hazırlayanda, sadəcə kirayələrdən canını qurtarmaq istəyib. Lakin zamanla həmin ərazidə əmlakın qiymətinin qalxdığını görəndə, dərhal mənzilini satıb. Əlinə gələn məbləğin yarısına şəhərin bir az kənar səmtində, daha geniş mənzil alıb, qalan pulu isə banka qoyub.

Bir depozit tarixçəsi

Deməsinə görə, pul toplamaq xəstəlikdir. Əlində heç nə olmayanda yığmaq haqqında düşünmürsən. Elə ki, təməl yarandı, məsələn, əlində 25 min manat var, çalışırsan onu 30 minə çatdırasan:

“Sonra da daha yüksək məbləğlərə. Bir sözlə, mən də belə etdim. Evin satışından qalan pul məni həvəsləndirmişdi. Bankda işləyən bir dostumun məsləhəti ilə pulu əmanət qoydum. Xərclərimi minimuma endirməklə, demək olar ki, hər il gəlirimin 80 faizini banka qoyurdum. Əldə etdiyim faizə də dəymir, onu da üstünə əlavə edirdim. Məqsəd tez bir zamanda işləmədən yaşaya biləcək qədər məbləğə çatmaq idi”.

Depozitdən əmlak biznesinə keçid

Nüşabə devalvasiyadan əvvəl manat əmanətini dollara çevirməklə də xeyli gəlir əldə edib. Lakin iyirmi ildən artıq depozit təcrübəsindən sonra, Nüşabə bu ilin aprelində bitən əmanət vaxtını uzatmayıb, pulunu çıxarıb və əmlaka yatırıb.

Səbəb isə depozitdən gələn gəlirə tətbiq olunan vergidir. Deyir, aldığı məbləğ ona yaşamağa güclə yetir, vergi planlarını alt-üst edib. O, yeddi aydır ki, kirayə biznesindən gələn gəlirlə yaşayır. Deməsinə görə, bankdan gələn puldan ikiqat çox qazanır, sadəcə bir az əziyyəti var:

“Mənim mənzillərim insanların istirahəti üçündür. Vəziyyət nə qədər ağır olsa da, hamı heç olmasa, ildə bir dəfə istirahət etmək istəyir. Sərhədlərin bağlı olması da işimə yarayıb. İnsanlar qonşu ölkələrdən çox, bölgələrə üz tutur. Nəticədə, yay-qış müştəri olur. Gəlirin 16 faizini verməklə işi şirkətə həvalə etmişəm. Həmin ödəmə qarşılığında belə mənə qalan məbləğ depozit gəlirindən ikiqat çoxdur”.

Hökumətin geri addımı

Bank depozitlərinə görə əldə olunan faiz gəlirlərinə vergi tətbiqinin bir ili olmamış, hökumət vergi faizi ilə bağlı dəyişikliyə hazırlaşır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib ki, yeni təklif edilən dəyişiklikdə vətəndaşların banklarda saxladıqları depozitlərə görə qazandığı faizin 200 manatadək olan hissəsindən vergi tutulmaması təklif edilir.

Başqa bir dəyişiklik təklifində isə pulunu, ən azı, ilyarım müddətinə banklara yerləşdirən və faizi hər ay deyil, müddətin sonunda əldə edən şəxslərə ödənilən faizin vergidən tam azad edilməsi nəzərdə tutulur.

“Güzəşt azalmaların səngiməsi baxımdan vacib idi”

Vüqar Bayramov deyir ki, daha çox əmanət cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir. Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq vacibdir.

“Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərinin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu, həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

“Uzağı görə bilmirlər, analiz, modelləşdirmə yox…”

İqtisadçı Natiq Cəfərli də deyir ki, vətəndaşların əmanətlərdən əldə etdikləri faiz gəlirlərindən 10 faiz vergi vermələri ilə bağlı qərar yanlış və mənasız idi. Onun sözlərinə görə, bu qərar həm bank sektoruna, həm də vətəndaşa ziyan verib:

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“Nəticədə gördük, qərar əmanətlərin azalmasına, bank sektoruna onsuz da az olan güvənin daha da enməsinə səbəb oldu. Biz bunu dəfələrlə dedik, lakin dinləyən olmadı. Heç bir il keçməyib, indi də geri addım atdılar. Əmanətlərə tətbiq edilən vergini xeyli azaldırlar. Düzdür, tam ləğv etmirlər, amma geri addım atırlar. Belə bir hökumətimiz var. Uzağı görə bilmirlər, analiz, modelləşdirmə yox, səhv qərar verib, ziyan vurub, sonra dəyişirlər, amma heç kim də buna görə məsuliyyət daşımır”.

Verginin ləğv edilməsi və bərpa edilməsi qərarları

2023-cü ilin iyulunda açıqlandı ki, yeni qərarın tətbiqindən sonrakı beş ayda vətəndaşlar banklarda saxladıqları depozitlərə görə qazandıqları faizlərdən 24 milyon vergi ödəyib.

2016-cı ildə Azərbaycanda vətəndaşların banklarda saxladığı depozitlərə görə qazandıqları faizdən gəlir vergisinin tutulması 7 illik dondurulmuşdu. Həmin illər Azərbaycan bankları üçün çətin dövr hesab olunurdu.

2015-ci ildə iki devalvasiya olmuşdu və xeyli bank müflis vəziyyətə düşmüşdü. Depozit faizlərindən əldə edilən gəlirdən yeddi illik azadetmə məhz insanların bank sektoruna ölən inamını geri qaytarmaq üçün atılmış addım idi. Həm də çalışırdılar ki, insanlar depozitlərini banklardan kütləvi şəkildə geri çəkib, vəziyyəti daha da ağırlaşdırmasınlar. Yenə də rəsmi rəqəmlər göstərir ki, 2015-2017-ci illərdə Azərbaycan banklarında saxlanılan depozitlərin həcmində 3 milyard manata yaxın azalma olub.

Ana səhifəİqtisadiyyatBanklara qoyulan əmanətlərin həcmi azalır, hökumət vergilərdə güzəştə hazırlaşır