close

Tərtərdə baş memar həbs olunub

Həbs. Foto: Meydan TV

Rayon icra hakimiyyətindəki əməliyyatın təfərrüatı açıqlandı

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin iyulun 31-də Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatın təfərrüatları açıqlanıb. Əməliyyat nəticəsində icra hakimiyyətinin baş memarı həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat nəticəsində həbs olunan baş memar Tofiq Kərimov həm də Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri olub.

Baş Prokurorluğun məlumatında iddia olunur ki, Tofiq Kərimov Tərtər şəhərində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan 33 min pul tələb edib. Son nəticədə 25 min manat alıb.

Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb”, – prokurorluğun məlumatında göstərilib.

Tofiq Kərimova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarıyla həbs qətimkan tədbiri seçilib.

Tofiq Kərimovun ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəBölgəTərtərdə baş memar həbs olunub