close

Teylor Svift azərbaycanlı müğənnilərə örnək göstərildi

Fotolar: Mədəniyyət Nazirliyi

Musiqi Forumunun ikinci günü: “Azərbaycanda musiqi sənayesi yoxdur”

Azərbaycanda ilk dəfədir ki, Musiqi Forumu keçirilir.

Oktyabrın 29-dan başlayan Forumun ikinci gününün ilk paneli “Milli musiqi sənayesinin inkişafı” mövzusuna həsr olunub.

Paneldə musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları və alternativ və “underground” (rok, rep, meyxana və s.) musiqi cərəyanlarının perspektivləri  kimi məsələlər ətrafında çıxışlar dinlənilib.

“Musiqimiz pandemiyadan zərər çəkib”

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli müzakirələr zamanı əqli mülkiyyət, musiqi əsərlərinin satınalması məsələlərindən danışıb.

Pandemiyanın bütün dünyada musiqiyə vurduğu ziyandan söz açan Xudayət Həsənli bunun Azərbaycan musiqisindən də yan keçmədiyini diqqətə çatdırıb:

Xudayət Həsənli

“Ziyanın miqdarı 5 milyard dollara bərabərdir. Bundan  Azərbaycan musiqisi də zərər çəkib. Ümid edirəm ki, forum ölkədə musiqi sənayesinin gələcək inkişafına müsbət təsir göstərəcək”.

Xudayət Həsənli konsertləri ilə ABŞ turizminə xeyli gəlir gətirən, nəticədə adını milyarderlər siyahısına yazdıran müğənni Teylor Svifti azərbaycanlı sənətçilərə örnək kimi göstərib.

Mən belə nümunələri gələcəkdə Azərbaycanda da görmək istərdim”, – aparat rəhbəri deyib.

“Caz musiqisini populyarlaşdırmaq lazımdır”

Əməkdar artist, bəstəkar Rain Sultanov isə çıxışı zamanı Azərbaycanda caz musiqinin təbliğindən və sənətçilərin müəllif hüquqlarının qorunmasından danışıb.

Rain Sultanov

“Azərbaycanda caz musiqisini populyarlaşdırmaq üçün onu televiziyadan, radiodan dinlətmək, kütləvi informasiya vasitələrində aktiv və doğru formada təbliğ etmək lazımdır. Müəllif hüququ istiqamətində müəyyən problemlər var. Mənim müəlliflik hüquqlarım burada yox, Almaniyada qorunur. Mən 1998-ci illərdə albom buraxdıqdan sonra Azərbaycan Bəstəkarlar İttifaqına müraciət etdim, lakin bununla bağlı uğurlu cavab ala bilmədim”.

“Rok ifaçısı toylara getməyə məcbur olmamalıdır”

Prodüser və televiziya aparıcısı Emin Əfəndi çıxışında Azərbaycanda musiqi sənayesinin olmadığını deyib:

Emin Əfəndi

Musiqi və ifaçının olması hələ bu sahədə sənaye mövcudluğuna dəlalət etmir. Bir çox hallarda bunun yalnız toy bazarı ilə tənzimlənir. Rok ifa edən adam toylara getməyə məcbur olmamalıdır. Demirəm ki, toy pisdir. Bu ənənə var. Ancaq rok ifa edən adam toylara getməyə, oradan qazanmağa məcbur qalmamalıdır”.

Murad Dadaşov televiziyalara qarşı iradları qəbul etmir

“Xəzər” TV-nin prezidenti, “M Group Production” şirkətinin rəhbəri Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən danışıb.

Murad Dadaşov

O, kütləvi sənət, musiqi zövqü ilə bağlı mütəxəssislərin televiziyalara qarşı iradlarını qəbul etmədiyini deyib, televiziyanın media məhsulunun istehsalçısından daha çox təqdimatı ilə məşğul olduğunu əsas gətirib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Apeks Advayzers” hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşüb.

“Musiqi təhsilində təcrübəli mütəxəssislər çatışmır”

Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirib. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkədə tətbiqinin zəruriliyini vurğulayıb.

İsa Məlikov

Çıxışlarda hazırda Azərbaycan musiqisində xaosun müşahidə edilməsi, istehsalçı ilə istehlakçı arasındakı rabitəsizlik kimi məqamlar diqqətə çatdırılıb, təkliflər səsləndirilib.

Oktyabrın 29-dan başlayan forum ayın 31-də yekunlaşacaq.

Tədbir Heydər Əliyev Fondu ilə Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır.

Ana səhifəMədəniyyətTeylor Svift azərbaycanlı müğənnilərə örnək göstərildi