close

Tofiq Yaqublu hakimləri tənqid etdi: “Siz bir ailənin köləsisiniz…”

Foto: Meydan Tv

Siyasətçi indiyə qədər Azərbaycan məhkəmələrinin onun haqqında ədalətli qərar vermədiyini deyib

Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublunun ev dustaqlığı və həbsinin uzadılması ilə bağlı şikayətini təmin etməyib.

Məhkəmə prosesi Tofiq Yaqublunun məhkəmə hakimini və Əliyev hakimiyyətini sərt tənqid etməsi ilə keçib.

Prosesə hakimlər Zaut Hüseynov və Murad Məmmədov sərdlik ediblər.

Hər iki hakim Apelyasiya Məhkəməsinə yeni təyin olunublar.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında cinayət işi iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu məhkəmədə siyasətçinin mühakiməsi başlayacaq.

Bu iş Əli Məmmədovun sədrliyilə, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

İyunun 5-də həmçinin Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublunun ev dustaqlığına buraxılması məsələsinə baxılıb.

Ötən həftə siyasi fəalın vəkilləri onun ev dustaqlığına buraxılması üçün vəsatət versələr də, Nərimanov Rayon Məhkəməsi təmin etməmişdi.

Vəkillər də həmin qərardan apelyasiya şikayəti vermişdi. İyunun 5-də həmin şikayətə baxılıb.

Məhkəmədə Tofiq Yaqublunun vəkili bildirib ki, artıq istintaq yekunlaşıb.

Bu səbəbdən də onun istintaqın gedişinə, şahidlərə təsir göstərmək ehtimalı ilə bağlı bəhanələr də aradan qalxıb.

Artıq onun işi üzrə məhkəmə prosesi başlayır.

Vəkil Tofiq Yaqublunun təqsirsiz olduğunu vurğulayıb.

Siyasətçi özü isə bu məhkəmədən ədalət gözləntisi olmadığını bildirib.

Deyib ki, sifarişə xidmət edənlərdən ədalət gözləmək sadəlövhlükdür:

“Siz hakimsiniz? “Zapı”nın üstünə BMW nişanı qoyanda  “Zapı” çevrilib BMW olmur. Hər mantiya geyinən hakim olmur. Siz köləsiniz. Bir ailənin köləsi… Sizlərə nə əmr verirlər, onu da icra edirsiniz. Mənin 1993-cü ildən bu yana heç bir hüququm yoxdur. Bir insanı nə qədər şərləyib həbs eləmək olar?! Hələ bir hakimin bu vaxta qədər mənim haqqımda ədalətli qərar çıxardığını görməmişəm. Çünki hamınız ləyaqəti olmayan kölələrsiniz…”

Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur.

Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib:

“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atamı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluna pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb.

Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Elnur Əliyev də (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxacaq.

O, əvvəllər dələduzluq və başqa ittihamlarla məhkum edilib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.

5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.

O daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub.

İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb.

2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanılıb, həmin gün axşam saatlarında buraxılıb.

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı.

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi.

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi.

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib və belə nəticəyə gəlib ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ana səhifəSiyasətTofiq Yaqublu hakimləri tənqid etdi: “Siz bir ailənin köləsisiniz…”