close

Gürcüstanda “Ofşor haqqında” Qanun qüvvəyə minib

Gürcüstan. Foto: Reuters

Müxaliflər İvanişvilinin maraqlarına xidmət edən qanuna görə sanksiyalardan ehtiyatlanırlar

Gürcüstanda bu gündən “Ofşor haqqında” Qanun qüvvəyə minib.

Prezident Salome Zurabişvilinin vetosundan sonra sənədi Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıb.

Parlamentin mayın 29-da keçirilən plenar iclasında Prezidentin “Ofşor haqqında” Qanunla bağlı əsaslandırılmış fikirləri müzakirə edilib və dəstəklənməyib.

Vergi Məcəlləsinə dəyişikliklərin ilkin variantı 1 səsə qarşı 83 səslə təsdiqlənib.

Bununla da Prezidentin vetosu ləğv edilib.

“Ofşor haqqında” Qanun Vergi Məcəlləsinə 2028-ci il yanvarın 1-dək aktivlərini Gürcüstana keçirəcək ofşor şirkətlər üçün vergi güzəştləri nəzərdə tutan dəyişiklikdir.

Müvafiq əməliyyatlar həm mənfəət, həm də gəlir və əmlak vergisindən azaddır.

Eyni əməliyyat çərçivəsində Gürcüstana istənilən aktivin idxalı idxal vergisindən azad ediləcək.

Bunun şərti olaraq ofşor zona ilə Gürcüstanda qeydiyyatdan keçmiş şirkətlərin (aktivlərin ofşordan veriləcəyi) eyni sahibi olmalıdır.

Dəyişiklikləri tənqid edənlər qanunun “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvilinin maraqlarına uyğun olduğunu deyirlər.

Onlar hesab edirlər ki, qanunun qəbulu ölkəyə sanksiyaların tətbiq edilməsinə gətirib çıxaracaq.

 “Gürcü arzusu” bu ittihamı rədd edir və bu təşəbbüsü investisiya cəlb etmək istəyi ilə izah edir.

“Transparency International-Georgia” təşkilatının 2021-ci ildə hazırladığı araşdırmada deyilir ki, “Gürcü Arzusu” Partiyasının təsisçisinin özü 20 ofşor şirkətə sahibdir.

Müxalifət və bəzi analitiklər də ofşor şirkətlər üçün ləğv edilən vergilərlə “çirkli pulların yuyulması” riskinin artmasından ehtiyat edirlər.

Ana səhifəDünyaGürcüstanda “Ofşor haqqında” Qanun qüvvəyə minib