close

Türkiyədən Azərbaycana gətirilən alim barədə həbs qətimkan tədbiri seçildi

Ədalət sistemi, məhkəmə. Mənbə: BERMIX STUDIO/shutterstock

Məhkəmə Fazil Qasımovla bağlı 3 ay 12 günlük həbs qərarı verib

Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilən azərbaycanlı alim Fazil Qasımov haqqında həbs qərarı verilib.

 Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğlunun işiylə əlaqədar saxlandığı bildirilən Fazil Qasımov barəsində ilkin istintaq dövrü üçün 3 ay 12 günlük həbs qətimkan tədbiri seçilib.

Bu barədə avqustun 8-də Nərimanov Rayon Məhkəməsində qərar çıxarılıb.

Fazil Qasımova qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İyulun 24-də Qubad İbadoğluya qarşı da eyni maddə ilə ittiham elan edilmiş və barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.

Fazil Qasımov kimdir?

İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.

O, təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib.

Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Fazil Qasımov. Foto: Fazil Qasımovun “Facebook” səhifəsindən götürülüb

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətTürkiyədən Azərbaycana gətirilən alim barədə həbs qətimkan tədbiri seçildi