close

Əhalinin qaz istehlakı artır

Foto: Meydan TV

Deputat: “Daxili istehlakın bu qədər çox olmasının səbəbləri ayrıca təhlil edilməlidir”

Azərbaycan əhalisinin təbii qaz istehlakı artıb – 2527,7 milyon kub metr olub.

Göstərici bu ilin altı ayına aiddir.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, rəqəmlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.

Ən çox istehlak Bakı şəhərindədir: 38,6 faiz.

Qalan 2,8 faiz Naxçıvan Muxtar Respublikasının, 11,3 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,0 faizi Quba-Xaçmaz, 4,9 faizi Şəki-Zaqatala, 4,5 faizi Qarabağ, 3,6 faizi Mil-Muğan, 3,4 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Qurum bildirir ki, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz istehsalının həcmi 18177,8 milyon kub metr olub.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Təbii qaz üzrə ehtiyatların 29,9 faizi ölkə daxilində istehlak edilib.

56,5 faiz qaz isə ixrac olunub.

Yerdə qalan 1,5 faiz qaz itkiyə gedib, 12,1 faiz isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.

“2023-cü ilin yanvar-iyun aylarında 11800,0 milyon kub metr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çox təbii qaz ixrac edilib”, – qurum bildirir.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, mavi yanacağın istifadəsində diqqəti çəkən əsas məqam daxili istehlakın payının müqayisəli şəkildə çox olmasıdır:

Vüqar Bayramov
Foto: Meydan TV

“Azərbaycanın yalnız yarım ildə istehlak etdiyi qazın həcmi Serbiyanın illik qaz istehlakından 2 dəfə, Bolqarıstanın illik istehlakından 64, İsveçrənin illik istehlakından 62, Norveçin illik istehlakından 17 faiz çoxdur. Göründüyü kimi, Azərbaycanda, sadəcə, yarım illik qaz istehlakı iqtisadiyyatı bizimlə müqayisədə daha böyük olan bir sıra ölkələrin illik istehlakı ilə müqayisədə daha çoxdur. Bu isə o deməkdir ki, daxili istehlakın bu qədər çox olmasının səbəblərinin ayrıca təhlil edilməsinə ehtiyac var”.

İqtisadçı bildirir ki, buna səbəb həm də yaşayış binalarında mərkəzləşdirilmiş istilik sisteminin olmamasıdır:

Obyektiv faktorlar olsa da, belə başqa səbəblərin də təhlili çox vacibdir. Digər tərəfdən, daxili istehlakın azaldılması Azərbaycanın ixrac potensialının artırılmasına səbəb ola bilər. Yəni daxili istehlak nə qədər minimumlaşarsa, o qədər çox ixrac etmək və ölkəyə daxil olan valyutanın həcmini artımaq imkanımız olacaq. Deməli, real təhlillərə və eləcə də bu sahədə islahatların genişləndirilməsinə ehtiyac var”.

Azərbaycan ixrac gəlirlərinin 90 faizdən çoxunu neft və qazdan əldə edir.

Ölkənin büdcə gəlirlərinin tən yarısı birbaşa Dövlət Neft Fondundan transferlər hesabına başa gəlir.

Ana səhifəİqtisadiyyatƏhalinin qaz istehlakı artır