close

“Vaqonda yaşayan oğlumu Kərbəladakı şəklinə görə narkotiklə şərləyiblər”

Rəvayət Qasımova: “Günü 10-15 manata fəhlə işləyirdi, palçığın içindən aparıblar…”

Astara rayonunun Ərçivan kəndində ailəsiylə birlikdə vaqonda yaşayan Aslan Qasımov bir həftədir ki, həbs olunub. Anası Rəvayət Qasımova Meydan TV-yə danışır ki, bir neçə gün oğlunun yeri, saxlanma səbəbi barədə ümumiyyətlə, heç bir məlumat ala bilməyiblər. Sonradan öyrəniblər ki, ona qarşı narkotik ittihamı irəli sürülüb.

“Polis rəisi məni heyvanı qovan kimi qovdu”

Ailə üzvləri hesab edir ki, Aslan Qasımov narkotiklə şərlənib. Deyirlər ki, həbsinin əsl səbəbi illər öncə Kərbəla ziyarəti zamanı orada çəkdirdiyi fotodur.

1979-cu il təvəllüdlü Aslan Qasımov iyunun 21-də saxlanılıb:

“Buna həbs demək olmaz. Bunun adı adam oğurluğudur. Fəhlə işlədiyi yerdən – palçığın içindən 10-15 nəfər Aslanı aparıb. Qardaşıyla birlikdə Astara polis şöbəsinə getmişik. Aslanı soruşuruq, heç bir məlumat vermirlər. Mənim ürəyim xəstədir. Orada üəryim xarab oldu. Rəis məni heyvanı qovan kimi qovdu. Deyir ki, “bura xəstəxana deyil, ürəyin tutsun, biz də sənə yardım göstərək”. Mənim 73 yaşım var, yaraşarmı belə davranış?..”, – Rəvayət Qasımova danışır.

“Belə insanlıq, belə zülm olar?!”

Onun sözlərinə görə, Astarada özləri heç bir məlumat əldə edə bilməyiblər. Lakin Rusiyada yaşayan digər oğlu inadkarlıq edib və sonda qardaşıyla bağlı məlumat öyrənə bilib:

“Aslan subay vaxtı Kərbəla ziyarətində olmuşdu. Ziyarət vaxtı orada azərbaycanlıları görüb. Orada birlikdə şəkil çəkdiriblər. Həmin şəkildəki dindarları bir müddət əvvəl narkotik ittihamıyla tutublar. Kiminsə telefonunda bu şəkli görüblər. Ona görə indi də gəlib Aslanı tutublar. Belə insanlıq, belə zülm olar?! Eşitmişik ki, tutandan sonra Aslana nə qədər işgəncə veriblər. Sonra Bakıya – Kürdəxanıda türmə var deyəsən, ora göndəriblər”.

Anası əlavə edib ki, Aslan Qasımov günü 10-15 manata fəhləlik edib, ailəsini dolandırmaqla məşğul idi. İstər narkotik, istərsə də casusluq kimi ittihamların onunla heç bir əlaqəsi ola bilməz.

“Vaqonda yaşayan adama sosial yardım vermirdilər”

“Bunun qohum-qonşu da, elə polislərin özü də yaxşı bilirlər. O polislər kənddə hamını yaxşı tanıyırlar. Casusluq edən, narkotik satan dəmir vaqonda yaşayar? Adamın insafı, vicdanı olar. Bir balasını zorla dolandırırdı. Bu ilin əvvəlindən sosial yardım düzəltməyə çalışırdı, onu da vermirdilər. Təsəvvür edin, vaqonda yaşayan adama sosial yardım vermirdilər”, – Rəvayət Qasımova əlavə edib.

“Müdafiə Xətti” insan haqları təşkilatı son 6 ay ərzində Azərbaycanda 500-ə qədər dini inanclı şəxsin narkotik ittihamıyla həbs olunması haqda məlumat yayıb. Həbs olunanlar şərləndiklərini, narkotik ittihamının böhtan olduğunu bildirirlər.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidməti onların iddialarının əsassız olduğunu, həbs olunanların konkret faktlar əsasında saxlandığını bəyan edib. Qurumdan Aslan Qasımovun həbsinə münasibət bildirilməyib.

Ana səhifəBölgə“Vaqonda yaşayan oğlumu Kərbəladakı şəklinə görə narkotiklə şərləyiblər”